Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2014 09:00

Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi anılıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşəbbüsü ilə Belarus Respublikasının Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Nikolayeviç Davidoviçin xatirəsi anılıb.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı, digər xalqların övladları da şəhidlik zirvəsinə ucalıb və adları Azərbaycanın şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb.
A.Davidoviş 1965-ci ilin baharında Slutskda hərbçi ailəsində anadan olmuşdur. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini müvəffəqiyyətlə bitirərək zabitlik peşəsinə yiyələnmiş gənc leytenant A.Davidoviç xidmətə SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda başlasa da az sonra onu Zaqafqaziya Hərbi Dairəsinin sərəncamına göndərmişlər. O, əvvəl Gəncə şəhərindəki SSRİ, sonra isə Rusiya Federasiyasının Silahlı Qüvvələrinə məxsus artilleriya alayında qərargah rəisi vəzifəsinə təyin edilmiş, "kapitan" rütbəsinədək yüksəldi.
1992-ci ilin fevralında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı - Xocalı faciəsindən sonra A.Davidoviç özünə gələ bilmirmiş, evlənməsindən heç bir il də keçməməsinə, uzaq Belarusda onu doğmalarının gözləməsinə baxmayaraq o, könüllü olaraq müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın Silahlı Qüvvələrinə daxil olmuş və Milli Ordumuzun yaranmasında, formalaşmasında, peşəkar artilleryaçıların hazırlanmasında köməyini əsirgəməmişdir.
Artıq "mayor" hərbi rütbəsi verilmiş zabit tez-tez cəbhə bölgələrində olur, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda fəal iştirak edirdi. 1992-ci ilin iyununda Ağdam rayonu uğrunda gedən qanlı döyüşlərin birində düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verən mayor A.Davidoviç ağır yaralanır və həkimlərin səylərinə baxmayaraq iyunun 13-də əbədi gözlərini yumur. Həmin gün hücuma keçən döyüşçülərimiz də belaruslu qardaşımızın qanını yerdə qoymurlar. Göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş A.Davidoviçin cənazəsi dəfn edilmək üçün doğma ünvanına – Belarusun Slutsk şəhərinə göndərilir.
Milli Qəhrəmanımızın şəhid olduğu vaxtdan 22 il keçir. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbanı Belarus Respublikasının Slutsk şəhərində olmuş, qəhrəmanın ailə üzvləri ilə görüşmüş və məzarını ziyarət edərək önünə Müdafiə Nazirliyinin adından əklil qoymuşdur.
Belarus Respublikasının Müdafiə naziri, general-leytenant Yuri Jadobin isə öz növbəsində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bu xeyirxah təşəbbüsünü yüksək qiymətləndirərək minnətdarlığını bildirdi.