AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra hərbi obyektlərdə olub.
Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Silahlı Qüvvələrinin aviabazasını və əlahiddə desant-hücum briqadasını ziyarət edib. Burada Xüsusi Əməliyyat Qüvvələrinin və radioelektron mübarizə bölmələrinin silahlanmasında olan hərbi və xüsusi texnikalarla tanış olublar.
Plana uyğun olaraq general-polkovnik K.Vəliyev Pilotsuz Aviasiya Komplekslərinin (PAK) Tətbiqi və Hazırlığı Mərkəzinə, eləcə də Dövlət Hərbi-Sənaye Kompleksinin müəssisəsinə baş çəkib.
Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra qonaqlara PAK operatorlarının hazırlığı və trenajorlarda iş prinsipləri haqqında məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Minsk şəhərində yerləşən Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstünü ziyarət edib, önünə gül dəstəsi qoyaraq xatirəsinə dərin hörmət və ehtiramlarını nümayiş etdiriblər.