Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2017 12:03

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərin keçirilməsi vəziyyətin gərginləşməsinə yönəlib

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mütəmadi olaraq hərbi təlimlərin keçirilməsi qoşunların qarşıdurma xəttində vəziyyətin daha da gərginləşməsinə yönəlib.
Ermənistanın prezidenti və müdafiə nazirinin Azərbaycanın işğal olunmuş   ərazilərinə gələrək hərbi təlimlərin keçirilməsini müşahidə etməsi, bu ölkənin hərbi-siyasi rejiminin dövlətimizə qarşı yürütdüyü məqsədyönlü təcavüzkar siyasətinin əyani sübutudur.
Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərində Ermənistanın hərbi təlimlər keçirməsi, onun hərbi hissələrinin, silah və hərbi texnikasının bu ərazilərdə yerləşdirməsi və mütəmadi şəkildə təchizatını həyata keçirməklə qanunsuz hərbi mövcudluğunu möhkəmləndirməsi beynəlxalq nəzarət rejimlərinin tələblərinə ziddir, eləcə də münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanmasına xələl gətirir.
Müdafiə Nazirliyi rəsmi olaraq bəyan edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin kəskinləşməsi və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.