Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2022 19:31

“Azərbaycanın xoşbəxt gələcəyi naminə” adlı vətənpərvərlik tədbiri keçirilib

Xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz iradəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış, dünyanın ən dinamik inkişaf edən və güclü orduya malik ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı, eləcə də mütəşəkkil, çevik, müzəffər Azərbaycan Ordusunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır.
Bu fikirlər Müdafiə Nazirliyinin “N” hərbi hissəsində Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərliyə gəlməsinin 53-cü ildönümü münasibətilə keçirilən “Azərbaycanın xoşbəxt gələcəyi naminə” adlı tədbirdə səsləndirilib.
Tədbirdə Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz tarixi xidmətləri barədə ətraflı söhbət açılıb. Qeyd edilib ki, Heydər Əliyev 1969-cu il 14 iyulda Azərbaycan rəhbərliyinə seçildiyi ilk gündən postsovet məkanında analoqu olmayan cəsarətli addımlar atmış, bütün mənalı həyatını xalqımızın və dövlətimizin firavan, xoşbəxt gələcəyinə həsr edərək əbədiyyət zirvəsinə ucalmışdır.
Tədbirdən əvvəl Müdafiə Nazirliyinin rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edib, büstü qarşısına çələng və qızılgüllər düzərək xatirəsini ehtiramla yad ediblər.
Əsgər klubunda keçirilən bu vətənpərvərlik tədbiri XX əsrin görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin ifası ilə başlayıb.
Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Heydər Əliyevin xalqımızın dünyada mübariz, qəhrəman, əməksevər, istedadlı bir xalq kimi, dövlətimizin isə qüdrətli, güclü, müstəqil bir dövlət kimi tanıdılmasında müstəsna xidmətlərindən qürurla danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.
“Heydər Əliyevin xalqa, Vətənə həsr olunmuş mənalı ömür yolu bu gün də hər bir azərbaycanlı, eləcə də baş memarı Ulu Öndərimiz olan müasir Silahlı Qüvvələrimizin hər bir əsgər, zabit və generalı üçün də örnəkdir, nümunədir. Nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti var, Heydər Əliyev xatirələrdə, ürəklərdə yaşayacaq. Heydər Əliyevin ideyaları bizi özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha böyük zəfərlərə, zirvələrə, xoşbəxt gələcəyə aparır”, - polkovnik A.Qurbani deyib.
Ulu Öndərin səsi ilə tamaşaçılara təqdim olunan xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini tədbir iştirakçılar ayağa qalxaraq alqışlarla qarşılayıb.
Əməkdar artist, Prezident mükafatçısı polkovnik-leytenant Cahangir Qurbanov və əsgər xoru dünyaşöhrətli sənətkarımız Müslüm Maqomayevin Heydər Əliyevə həsr etdiyi “Azərbaycan” mahnısını böyük şövqlə ifa edib. Videoçarxın nümayişi ilə böyük ömrün bəzi məqamları işıqlandırılıb.
Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Azərbaycan xalqının və dövlətinin son yarıməsrlik tarixində qazanılan bütün uğur və nailiyyətlərin əsasında Heydər Əliyev uzaqgörənliyinin və ideyalarının durduğunu nəzərə çatdıraraq qeyd edib ki, Heydər Əliyev fəaliyyətin bütün sahələrində öz layiqli izini qoyub. Hər hansı bir sahə üzrə mütəxəssislərə fitri bilik və bacarığı, zəngin təcrübəsi ilə örnək olub. Hələ ötən əsrin 70-ci illərində digər respublikaların vətəndaşları azərbaycanlılara qibtə edər və Heydər Əliyev kimi böyük bir şəxsiyyətin rəhbərliyi altında işləməyi arzulayardılar.
General-mayor K.Seyidov diqqətə onu da çatdırıb ki, Azərbaycana rəhbərliyinin bütün dövrlərində Heydər Əliyevin həyatı və fəaliyyəti xalqa xidmət etməkdən ibarət olub. O, 50 il əvvəı Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratmaqla respublikamızın öz müstəqilliyini bərpa edəcəyini öncədən görür və buna inanırdı. Bu məktəbin müasir Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında oynadığı müstəsna rol hamımıza məlumdur. 53 il əvvəl Heydər Əliyevin başladığı dövlətçilik yolu bu gün də xalqımızı daha xoşbəxt gələcəyə aparır. Heydər Əliyev bu möhtəşəm yola çıxanda reallaşdıracağı layihələr sadəcə nəzəriyyə deyil, eyni zamanda, böyük gələcəyə baxış idi.
Vətən Müharibəsi Qəhrəmanı çıxışına əlavə olaraq deyib ki, biz Birinci Qarabağ müharibəsində üzərinə “Heydər Əliyev uğrunda!” sözləri yazılmış tanklarla, zirehli texnikalarla hücuma keçirdiksə, İkinci Qarabağ müharibəsində əbədiyaşar komandanımızın varisi İlham Əliyevin sərkərdəliyi, dəmir yumruğunun gücü ilə müqəddəs döyüşlərə atıldıq və Şuşaya Zəfər bayrağımızı sancaraq xalqımıza böyük qələbənin sevincini yaşatdıq: “Ulu Öndər məni “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişdisə, Müzəffər Ali Baş Komandanımızın müvafiq Sərəncamı ilə ən yüksək fəxri ada və “general-mayor” ali hərbi rütbəsinə layiq görüldüm. Bu, unudulmaz bir tarixdir. Dünən bizi irəli aparan Heydər Əliyev ideyaları bu gün bizi daha böyük uğurlara ruhlandırır. Bu, bir tarixdir və tarixdən heç nəyi silmək olmaz”.
Məşhur “91-lər”dən olan siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə qalib Azərbaycan Ordusunun igid döyüşçülərini salamlayaraq deyib: “Əlli üç il bundan əvvəl ölkəmizin gələcəyi üçün yaradılan möhkəm təməl Azərbaycanın hazırda qalib ölkə kimi təqdimatında əhəmiyyətli rol oynadı. Hələ 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyev respublikamızın xoşbəxt gələcəyi istiqamətində biri-birindən mühüm addımlar atdı, ən əsası həmin vaxtdan başlayaraq milli şüurun formalaşması, azərbaycançılıq ideologiyasının inkişafı prioritet məsələlər sırasında oldu. Azərbaycan gəncinin daha savadlı, yüksək dünyagörüşünə malik, vətənpərvər şəxsiyyət kimi yetişməsi istiqamətində atılan davamlı addımlar sırasında hərbi kadrların hazırlanmasına xidmət edən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması tarixi hadisəyə çevrildi. Keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilən minlərlə Azərbaycan gənci sonralar Vətənə qayıdaraq müstəqil Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verdilər”.
Professor V.Rəhimzadə vurğulayıb ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək, Azərbaycanı iqtisadi möcüzələr ölkəsi kimi tanıdan biri-birindən əhəmiyyətli addımların şahidi olarıq. Belə ki, hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış aqrar respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla, ölkəmizin qarşısında geniş imkanlar, üfüqlər açdı.
Başlanğıcı 53 il bundan əvvəl – 1969-cu il iyulun 14-ü olan Heydər Əliyev yolu bu gün uğurla davam etdirilir, Azərbaycan ən yüksək zirvələri fəth edir. Ümummilli Liderin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Bu arzu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə məharəti, qətiyyəti, hücum diplomatiyası, dəmir yumruğunun qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü və rəşadətli ordumuzun hərbi qulluqçularının Vətənə, dövlətə, Heydər Əliyev ideyalarına sədaqəti ilə gerçəkləşdi.
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Telman Hüseynov, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan zabit, şəhid leytenant Elvin Şükürlünün atası Azad Şükürlü və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzedilməz xidmətlərindən danışıb və bundan sonra da Heydər Əliyev ideyalarına sadiq olacaqlarını bildiriblər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı kollektivinin ifasında ulu öndər Heydər Əliyevə həsr olunan musiqi əsərləri, xalq mahnıları təqdim olunub.
Tədbirin təşkilatçılarına şəxsi heyət adından minnətdarlıq edən Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidovun söylədiyi “Heydər Əliyev yolu bizi bundan sonra da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara, zəfərdən-zəfərlərə, zirvədən-zirvələrə aparacaqdır” fikirləri ilə sona yetib.