Bu günlərdə hərb tariximizin tanınmış simalarından olan general C.Naxçıvanskinin anadan olmasının 120 illiyi Azərbaycan Hərb Tarixi Muzeyində təntənəli qeyd olunub. Tədbir ənənəvi olaraq ulu öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Dövlət himninin ifasından sonra muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbiri açıq elan edərək, “Hərb tariximizdə özünəməxsus yeri olan unudulmaz sərkərdə Cəmşid Naxçıvanskinin həyatı və hərbi fəaliyyəti” adlı məruzə ilə çıxış edib.
Tədbirdə nümayiş olunan “Əsrin qəhrəmanlığı” adlı sənədli film müharibə cəbhələrində C.Naxçıvanskinin göstərdiyi şücaətlərlə gələcək nəsillərə örnək olan həyat və fəaliyyətinə həsr olunmuşdu. Tədbir iştirakçıları Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, Azərbaycan xalq artisti, professor, general-mayor Yusif Axundzadə, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini polkovnik Abdulla Qurbani görkəmli hərb xadimi C.Naxçıvanskinin şərəfli ömür yolundan danışdılar.
Azərbaycanın görkəmli oğluna həsr olunan yubiley tədbiri konsert proqramı ilə başa çatıb.