Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Dekabr 2017 21:00

Azərbaycanın ordu quruculuğunda Prezident İlham Əliyev mərhələsi

Dekabrın 20-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev bildirib ki, müasir Azərbaycan Ordusunun müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu Öndərin ötən əsrin 70-ci illərində yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Lisey ordumuzun inkişafında böyük rol oynayıb. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın ordu quruculuğuna verdiyi töhfə təkcə Cəmşid Naxçıvanski adına Hərbi Liseylə məhdudlaşmır. Azərbaycanın müstəqilliyinin bərpasından sonra 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərimiz ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün ordu quruculuğunun inkişafına böyük töhfə verib. Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz ən müasir silahlarla təchiz olunub. Hərbi şəhərciklərin çox hissəsi yenidən tikilib və ya tam təmir edilib. Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyir.
Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani mövzunun aktuallığından danışaraq bildirib ki, Azərbaycanın hərb tarixində ordu quruculuğunun xüsusi yeri var. Ordu quruculuğuna ən yüksək qiyməti ulu öndər Heydər Əliyev verib. Müasir Azərbaycan Ordusunu yaratmaq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük xidmətlərindən biridir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunun yeni mərhələsindən danışıb.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Xanhüseyn Kazımlı müdrik və qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi ilə ordu quruculuğu prosesinin geniş vüsət almasından, Azərbaycan Silahlı Qüvvələrinin regionun ən güclü ordularından biri olmasından, eləcə də Vətən əsgərinin mənəvi, fiziki, iradi keyfiyyətlərinin ən yüksək səviyyəyə çatmasından qürur hissi ilə danışıblar. Deputatlar cəbhə bölgələrinə səfərləri zamanı bunun şahidi olduqlarını bildirərək, ordumuzun yenilməzliyini, hərbi qulluqçuların yüksək vətənpərvərlik hisslərinə malik olmalarını, Vətən torpaqlarının azadlığı uğrunda Ali Baş Komandanın əmrini yerinə yetirməyə qadir olduqlarını qeyd ediblər.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə dosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, yazıçı-publisist Natəvan Dəmirçioğlu, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun atası Salman Qurbanov və digər çıxış edənlər də son illər ölkəmizdə digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da yaşanan sürətli inkişafdan danışıb, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının qısa zaman kəsiyində yeniləndiyini, Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusuna çevrildiyini söyləyiblər. Vətən oğullarının bu gün müxtəlif qoşun növlərində xidmət edərək döyüş hazırlığını artırmaqla məşğul olduğunu bildirən “dəyirmi masa” iştirakçıları hərbçilərimizin torpaqlarımızı işğal etmiş Ermənistan silahlı birləşmələri ilə təmas xəttində döyüş növbəsi apardıqlarını, müstəqil dövlətimizin və dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayandıqlarını vurğulayıblar.
Bir daha diqqətə çatdırılıb ki, güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi.
Xüsusi vurğulanıb ki, Azərbaycan xalqı öz Prezidentinə inanır və işğal altındakı torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə azad ediləcəyi, ərazi bütövlüyümüzün təmin olunacağı, bayrağımızın Şuşada, Xankəndidə, Laçında və işğal altındakı digər əzəli torpaqlarımızda dalğalanacağı günün uzaqda olmadığına qəti əmindir.