Mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi cənab Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan müdafiə naziri dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin hər iki ölkə arasında əməkdaşlığa böyük töhfə verdiyini xüsusi vurğulayıb.
General-polkovnik Z.Həsənov ölkələrimiz arasında digər istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Müdafiə naziri bu münasibətlərin regionda sülhün, təhlükəsizliyin və əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini deyib.
Səmimi qəbula görə təşəkkürünü bildirən cənab S.Hacımüftüoğlu qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri, habelə maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.