Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Mart 2024 13:44

Azərbaycanın müdafiə naziri NATO-nun Baş katibi ilə görüşüb - VİDEO

Martın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində Y.Stoltenberq fəxri qarovulun önündən keçib, protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Nazir 30 illik işğal və indiki dövrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya təşəkkür edib.
Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda aparılan islahatlar, eləcə də azad edilən ərazilərdə görülən minatəmizləmə, bərpa-quruculuq işləri və Azərbaycan-Ermənistan şərti sərhəddindəki cari vəziyyət barədə ətraflı məlumat verilib.
Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Y.Stoltenberq Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı və NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə fəaliyyətlərini yüksək qiymətləndirib. Ordumuzun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığının Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb.
Sonda kibertəhlükəsizlik, minatəmizləmə, eləcə də ikitərəfli hərbi əlaqələrin digər sahələrində inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.