Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2023 18:59

Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anım mərasimi keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə Milli Qəhrəmanın ailə üzvləri və yaxınları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Mərasim iştirakçılarına Milli Qəhrəman İ.Aznaurov haqqında çəkilmiş sənədli qısametrajlı film nümayiş olunub. Qəhrəmanın həyat və döyüş yolu haqqında məlumat verilib. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şüacət nümunələrindən danışılıb. “Topçu İskəndər”in xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman yad ediləcəyi xüsusi qeyd olunub.
Şəhidin ailə üzvləri və yaxınları İ.Aznaurov haqqında xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin musiqi kollektivinin vətənpərvərlik mahnıları ilə başa çatıb.