Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2014 09:00

Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi yad edilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Silahlı Qüvvələrdə keçirilən hərbi vətənpərvərlik həftəsi davam edir.
Azərbaycanın ərazi bütövlüyünün qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsində xidmətlərinə, Qarabağ uğrunda döyüşlərdə göstərdiyi şəxsi rəşadət və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş belarusiyalı zabit mayor Anatoli Davidoviçin xatirə günü keçirilib.
Bakı, Gəncə, Şəmkir, Goranboy, Göygöl, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux və digər bölgələrin müharibə veteranları, Milli Qəhrəmanlar, ictimaiyyət nümayəndələri, general, zabit, gizir, əsgərlər və Belarus Respublikasının ölkəmizdəki konsulunun iştirak etdiyi mərasimin qonaqları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, xalqımızın Ümummilli liderinə hörmət və ehtiramlarını bildiriblər.
Hərbi hissənin qərargahı qarşısında keçirilən mərasimdə qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Böyük Vətən mühariıbəsi illərində Belarusun alman-faşist işğalçılarından azad edilməsində iştirak etmiş müharibə veteranları Həmid İbrahimov, Tofiq Hüseynov, qəhrəman zabitlə bir yerdə xidmət etmiş artilleriyaçılar Şamil Qalayçıyev, Muradxan Muradxanov Anatoli Davidoviç haqqında xatirələrini söyləyiblər.
Milli Qəhrəmanın xidmət etdiyi hərbi hissənin komandiri Vüqar Məmmədov qürur hissi ilə bildirdi ki, qəhrəmanın şanlı döyüş yolu hər bir əsgər və zabit üçün nümunədir və onlar hər an igid zabitimizin qəhrəmanlığını təkrar etməyə hazırdırlar.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fərid Əliyevin ifasında Əməkdar İncəsənət xadimi Abdulla Qurbaninin sözlərinə bəstəkar Azad Zahidin yazdığı "Belarus oğlu, Azərbaycan Qəhrəmanı" qəhrəmanlıq balladasının təqdimatından sonra tədbir əsgər klubunda davam etdirilib.
Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov giriş nitqi söyləyərək qonaqları salamlayıb və təntənəli mərasimi açıq elan edib.
Belarus və Azərbaycan Respublıkalarının Dövlət himnləri səsləndi.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın qısa, lakin şərəfli həyat və döyüş yolundan danışıb, Müdafiə nazirinin tapşırığı ilə bir neçə gün öncə qəhrəmanın doğulduğu Slutsk şəhərində olduğunu, ailəsi ilə görüşdüyünü bildirib və Belarus Respublikası Müdafiə Nazirliyi hərbi kinostudiyasının hazırladığı video-süjetləri tamaşaçılara təqdim etdirib.
Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Nazim Veysov Müdafiə Nazirliyi rəhbərliyinin son vaxtlarda Silahlı Qüvvələr şəxsi heyətinin milli-mənəvi dəyərlər əsasında vətənpərvərlik tərbiyəsi və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi istiqamətində apardığı məqsədyönlü fəaliyyəti yüksək qiymətləndirib.
Belarus Respublikasının ölkəmizdəki konsulu Oleq Qoroxovik belarus və Azərbaycan xalqlarının tarixi dostluğundan, hər iki ölkənin prezidentlərinin bu istiqamətdə yürütdükləri siyasətdən, azərbaycanlıların Böyük Vətən müharibəsi illərində Belaruasiya torpaqlarının müdafiəsində və işğalçılardan azad olunmasında göstərdikləri igidliklərdən bəhs edib, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Nəcəfqulu Rəfiyevin, Aslan Vəzirovun, Qəzənfər Əkbərovun və başqalarının adlarını minnətdarlıq hissi ilə yada salıb. Azərbaycan Prezidentinə, Müdafiə nazirinə və tədbirin təşkilatçılarına belaruslu Azərbaycan qəhrəmanının xatirəsini əziz tutduqları üçün belarus xalqı adından dərin minnətdarlığını bildirib.
Böyük Vətən müharibəsi, Əfqanıstan və Qarabağ müharibələri veteranları Tofiq Hacıyev, Məhəmməd Vəliyev və Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov çıxış edərək hər cür müharibələrə, terror, təcavüzkar və işğalçılara qarşı öz etiraz səslərini ucaldıblar.
Çıxış edən əsgər və zabitlər şəhidlərimizin intiqamını almaq, torpaqlarımızı işğalçılardan azad etmək üçün hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bəyan ediblər.
Mərasim iştirakçıları tədbirdən sonra Milli Qəhrəman Anatoli Davidoviçin həyat və döyüş yolunu əks etdirən foto-sərgi ilə tanış olublar.