Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2014 09:00

Azərbaycanın Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsindədir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyi ilə birlikdə Silahlı Qüvvələrdə tədbirlərin təşkilinə dair təşkilat komitəsi yaradılmış və tədbirlər planı təsdiq edilmişdir.
Plana əsasən İctimai Birliyin sədri və təşkilat komitəsinin həmsədri Məhəmməd Vəliyevin rəhbərlik etdiyi Əfqanıstan müharibəsi iştirakçılarından ibarət qrup cəbhə bölgəsindədir.
Onlar hərbi hissələrdə döyüşçülərlə görüşür, cəbhə xatirələrindən danışır və şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi üçün öz səylərini əsirgəmirlər.
Bu günlər ərzində onlar Goranboy, Ağdam bölgələrində ön səngərlərdə Vətən torpaqlarının keşiyini çəkən əsgərlərlə görüşmüş, onlara xatirə hədiyyələri təqdim etmişlər.
Əfqanıstan və Qarabağ müharibəsi iştirakçılarından, Binəqədi və Ağdam rayon Əfqanıstan Müharibəsi Veteranları təşkilatlarının sədrləri Məhəddin Rüstəmov, Rəfael Zeynalov, Ayxan Məmmədov, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev çıxış etmiş və Azərbaycan Ordusunun bugünkü qüdrətindən, gücündən qürur duyduqlarını bildirmiş və hər an Silahlı Qüvvələrin şəxsi heyətilə birlikdə Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan etmişlər.
İctimai Birliyi sədri Məhəmməd Vəliyev xidmətdə fərqlənən bir qrup zabitə xatirə medalları təqdim edib.

* * *

Elə həmin gün cəbhə bölgəsindəki hərbi hissələrdən birində, ön xətdə Müdafiə Nazirliyinin nəşr etdirdiyi "10 il Heydər Əliyevin adı ilə" kitab albomunun və Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin "Vətən sənin əsgərinəm" kitabının təqdimat mərasimi keçirilib.