Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda Azərbaycan və Qazaxıstan respublikaları Hərbi Dəniz Qüvvələrinin “Xəzri-2023” birgə taktiki təliminin başa çatması münasibəti ilə hər iki ölkənin hərbi dənizçiləri üçün “Azərbaycan və Qazaxıstan xalqlarının dostluğu, qardaşlığı əbədidir” adlı vətənpərvərlik tədbiri keçirilib.
Azərbaycan və Qazaxıstan respublikalarının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov Müdafiə Nazirliyinin rəhbərliyi və Hərbi Dəniz Qüvvələrinin komandanlığı adından birgə taktiki təlimi uğurla başa vuran hərbi dənizçiləri salamlayaraq onlara bundan sonrakı xidmətlərində müvəffəqiyyətlər arzulayıb.
Tədbirin layihə müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani qazax və Azərbaycan xalqlarının tarixi dostluğundan, qardaşlığından söhbət açaraq ənənələrin bu gün də davam etdirildiyini, ordularımızın əlaqələrinin geniş vüsət aldığını nəzərə çatdırıb.
Tədbirin aparıcıları Rüstəm Əliyev və Yeganə Dünyamalıyeva Azərbaycan və qazax xalqlarının dostluğunu tərənnüm edən hər iki xalqın şairlərinin şeirlərindən ibarət poeziya çələngi təqdim ediblər.
Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin birgə taktiki təlimlərə həsr etdiyi videoçarx nümayiş etdirilib.
Əməkdar artistlər Cahangir Qurbanovun, Nuriyyə Hüseynovanın və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin çıxışları alqışlarla qarşılanıb. Hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanlıqları adından bədii proqram iştirakçılarına hədiyyələr təqdim olunub.