Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Planlaşdırılması Departamentinin rəisi general-mayor Marat Aymaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirələrinə ehtiram nümayiş etdirib.
General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyi xüsusi vurğulanıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor M.Aymaşev qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
Qazaxıstanlı nümayəndə heyəti daha sonra Əməliyyat Baş İdarəsinə gəlib. Baş idarə rəisi general-leytenant Azər Əliyevlə keçirilən görüşdə hərbi və hərbi təhsil sahələrində əməkdaşlığa, o cümlədən 2024-cü il ərzində birgə təlimlərin keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.
Sonda Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda məntəqələrinə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzinə gələn qonaqlara buranın əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri barədə ətraflı məlumatlar verilib.