Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2021 16:11

Azərbaycan və Pakistan HHQ-i arasında əməkdaşlıq məsələləri müzakirə edilib

İyunun 17-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əvvəlcə Pakistanın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirələrinin ehtiramla anıb.
Azərbaycan hərbi pilotlarının Pakistanın HHQ Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının və HHQ-i arasında əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.
Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Pakistan nümayəndə heyətinin rəhbəri Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Tərəflər Azərbaycan və Pakistan HHQ-i arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığının inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.