Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 2026 11:18

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında psixoloji təminat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikası ilə Gürcüstanın Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli qarşılıqlı əlaqə planına uyğun olaraq, Tbilisi şəhərində hər iki ölkənin müvafiq qurumları arasında psixoloji xidmət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qabaqcıl təcrübə mübadiləsi və fəaliyyət imkanlarının genişləndirilməsi ilə əlaqədar görüş keçirilib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Rasim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Ordusunda hərbi qulluqçuların psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılması, xidmət şəraitinə psixoloji adaptasiyası və bu istiqamətdə tətbiq edilən müasir metodologiyalar barədə danışıblar. 

Görüşdə, həmçinin hərbi qulluqçuların psixoloji təminatı və onlara göstərilən psixoloji dəstəyin təşkili barədə ətraflı fikir mübadiləsi aparılıb, müvafiq sahədə peşəkar əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, gələcək birgə fəaliyyət planları müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyəti qonşu ölkədə fəaliyyət göstərən reabilitasiya mərkəzinin imkanları, burada yaradılmış şərait və tətbiq olunan psixoloji bərpa metodları ilə də tanış olublar.