Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Yanvar 2020 12:41

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə "Hərbi həkim işi" ixtisası üzrə 2020/2021-ci tədris ili üçün qəbul qaydaları - VİDEO

I.ÜMUMİ MÜDDƏALAR:
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 6 il
Yaş həddi:  Qəbul ilinin 15 sentyabr tarixinədək 16 yaşı tamam olan və 23 yaşı tamam olmayan ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilir.

 

II. SƏNƏDLƏRİN QƏBULU:

 

"Hərbi həkim işi" ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 20 aprel 2020-ci il tarixdən 20 may 2020-ci il tarixədək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.

 

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün orta məktəbdən verilmiş arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 2 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
– sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
Qeyd: Namizədlər hər hansı səbəbdən Hərbi Tibb Fakültəsində təhsil almaqdan imtina etdikləri halda, Azərbaycan Tibb Universitetindən xaric olunmaları barədə öhdəlik götürürlər.
III. HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:
Namizədlər yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Hərbi həkim işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün  keçiriləcək test imtahanına hərbi həkim komissiyasında müayinədən müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması fakültə rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanı (Azərbaycan dili, riyaziyyat, xarici dil) fənləri üzrə, ikinci mərhələdə isə IV ixtisas qrupunun (biologiya, kimya, fizika) fənləri üzrə Azərbaycan dilində keçirilir.
Namizədlər Hərbi Tibb Fakültəsinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında qəbul edilirlər.
Hərbi Tibb Fakültəsinə qəbul olmuş şəxslər 4-cü kursadək Azərbaycan Tibb Universitetində, son 2 ili isə hərbi andı qəbul edərək Hərbi Tibb Fakültəsində təhsil alır və bütün növ təminatlarla təmin edilirlər.
Hərbi Tibb Fakültəsinə qəbul olmuş şəxslər təhsil müddətində 4-cü kursadək ayda 75 AZN, son 2 ili isə ayda 181 AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 431-39-73).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.