Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2021 11:28

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi feldşer işi ixtisası üzrə 2021/2022-ci tədris ili üçün qəbul qaydaları - VİDEO

I.ÜMUMİ MÜDDƏALAR:
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 2 il
Yaş həddi: Cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (zabit və gizir (miçman) hərbi rütbəsi olanlar istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilirlər.
Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 245 AZN məbləğində müavinət alırlar.
II. SƏNƏDLƏRİN QƏBULU:
Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış;
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq əri¬zələri;
– elektrokardioqramma;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
III. HƏRBİ FELDŞER İŞİ İXTİSASI ÜZRƏ HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL AŞAĞIDAKI QAYDADA  HƏYATA KEÇİRİLİR:
Namizədlər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması fakültə rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək müsabiqəyə hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 431-39-73).
Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu 544-00-15, 544-00-16).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.
Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin internet saytında yerləşdiriləcək.