Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Yanvar 2020 12:41

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə "Hərbi feldşer işi" ixtisası üzrə 2020/2021-ci tədris ili üçün qəbul qaydaları - VİDEO

I.ÜMUMİ MÜDDƏALAR:
Tədris dili:
Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 2 il
Yaş həddi: Cari ildə ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, 15 sentyabr 2020-ci ilədək 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan, habelə  23 yaşınadək hərbi vəzifəli Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
II. SƏNƏDLƏRİN QƏBULU:
"Hərbi feldşer işi" ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 20 aprel 2020-ci il tarixdən 20 may 2020-ci il tarixədək ərizə ilə Fakültə rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 2 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq əri¬zələri;
– sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya gələrkən şəxsən təqdim edilir.
III. HƏRBİ FELDŞER İŞİ İXTİSASI ÜZRƏ HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:
Namizədlər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasından Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması Fakültə rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada test üsulu ilə Azərbaycan dilində keçirilən qəbul imtahanları  Azərbaycan dili və kimya fənləri üzrə aparılır.
Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 245 AZN məbləğində müavinət alırlar.
Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində qəbul olunur (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 431-39-73).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.