Görkəmli sənət adamları və ziyalılarla görüşlərin keçirilməsi ordumuzda dəyərli ənənəyə çevrilib
Bir zaman ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, ordu quruculuğunu inkişaf etdirmək üçün cəmiyyətdə tutduğu mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq hər kəs əlbir fəaliyyət göstərməlidir. Doğrudan da, cəmiyyətin əsas tərkib hissəsi olan və milli maraqlar baxımından xüsusi əhəmiyyət kəsb edən Silahlı Qövvələrin hərbi qüdrətinin artırılmasında hər bir ölkə vətəndaşı üzərinə düşən məsuliyyəti hiss etməlidir. Əgər ordu dövlət müstəqilliyinin və ölkənin ərazi bütövlüyünün əsas qarantı hesab edilirsə, onda bu sahəyə böyük diqqət yönəldilməlidir. Ümumiyyətlə, ordu hər bir dövlətin əsas atributu və təhlükəsizlik sisteminin əsasıdır. Hazırda dünyada ordusu olmayan dövlət yoxdur. Hər bir xalq öz ordusunu inkişaf etdirmək və ölkəsinin müdafiə qabiliyyətini göcləndirmək üçün əzmlə çalışır.
Son illər ərzində ölkəmizdə ordu və cəmiyyət əlaqələri xeyli güclənib, görkəmli elm və sənət xadimləri, tanınmış ictimaiyyət nümayəndələri vaxtaşırı hərbi hissələrdə olur, əsgər və zabitlərimizlə, gənc kursantlarla dəyərli görüşlər keçirirlər. Bu həftə belə əhəmiyyətli görüşlərdən biri Silahlı Qüvvələrimizin Təlim və Tədris Mərkəzində keçirildi. Tədbirə ölkənin mədəni həyatında öz yeri olan iki ziyalımız - Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, əməkdar incəsənət xadimi Firəngiz Əlizadə və Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov dəvət edilmişdi. Nüfuzlu mədəniyyət xadimlərini hörmətlə qarşılayan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu öncə ordumuzun mühüm təlim mərkəzi barədə qısa açıqlama verdi və qonaqları, həmçinin tədbirə qatılan media nümayəndələrini atış şəhərciyinə dəvət etdi. Burada müxtəlif döyüş texnikaları ilə keçirilən məşğələlərə cavabdeh olan təcrübəli zabitlər hərbi texnikaların xüsusiyyətləri və müharibə meydanında əhəmiyyətli rolu barədə ətraflı açıqlama verdilər. Piyada döyüş maşını, hava hücumundan müdafiəni təmin edən zenit-raket qurğuları, tank əleyhinə özüidarəolunan qurğu və digər hərbi texnikalar, həmçinin onların heyət tərkibi və hər bir heyət nəfərinin üzərinə düşən vəzifələr barədə verilən geniş məlumat qonaqların və mətbuat nümayəndələrinin diqqətinə çatdırıldı.
Sonra tədbir klubda mədəniyyət xadimlərinin şəxsi heyətlə maraqlı görüşü ilə davam etdirildi. Birinci söz alan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə belə bir maraqlı görüşdə iştirak etməsindən məmnunluğunu qeyd edərək dedi:
"Müqəddəs bir peşənin sahibləri ilə görüşümdən çox məmnunam"
- Çox həyəcanlıyam, bu görüş mənim üçün ən nüfuzlu auditoriyadır. Çünki burada toplaşan hərbi formalı insanlar ən vacib, müqəddəs bir peşənin sahibləridir. Onların üzərinə Vətənimizi və dövlət möstəqilliyimizi qorumaq kimi taleyüklü vəzifə düşür. Mən atış şəhərciyində hərbi texnikaları və onları məharətlə idarə etməyi bacaran hərbçilərimizi görəndə, qürur duydum ki, son illər doğma ordumuz böyük inkişaf yolu keçib. Bu gün hər birimiz fəxr edirik ki, ulu öndərimiz tərəfindən bünövrəsi qoyulmuş ordu quruculuğu siyasəti hazırda təcrübəli siyasi lider olan Azərbaycan Prezçidenti, Ali Baş Komandanımız İlham Əliyev tərəfindən konseptual şəkildə davam etdirilir. Yaşadığımız son 10 illik zaman çərçivəsinə nəzər yetirəndə başa düşürük ki, ölkənin bütün həyatında özünü göstərən geniş quruculuq işləri ordu sahəsini də əhatə edib.
Yeri gəlmişkən, mədəniyyət sahəsinin bir nümayəndəsi olaraq qeyd etmək istərdim ki, ötən dövrlərlə müqayisədə ölkəmizin mədəni əlaqələri də xeyli inkişaf edib. Vaxt vardı hansı xarici ölkədə "Azərbaycan" kəlməsini işlədirdinsə, bizə xəritə verirdilər ki, bu ölkəni göstərin. Amma indi vəziyyət tam fərqlidir. Dünyanın hansı bir yerində ölkəmizin adı çəkilirsə, müstəqil və mütərəqqi Azərbaycanı yaxşı tanıyırlar. İndi Azərbaycanın sorağı mötəbər beynəlxalq tribunalardan eşidilir. BMT kimi nüfuzlu bir təşkilatın üzvü olan ölkəmiz mühüm iqtisadi layihələrin fəal iştirakçısına çevrilib. Əbəs yerə demirlər ki, 21-ci əsr böyük Türk dünyasının əsridir.
Bu yaxınlarda əsas türk ölkələri liderlərinin iştirakı ilə Qəbələdə beynəlxalq festival - əsl musiqi bayramı keçirildi. Belə mühüm mədəni hadisəyə məhz Azərbaycanın ev sahibliyi etməsi bir daha onu deməyə əsas verir ki, ölkəmiz siyasi-iqtisadi əhəmiyyətinə görə lider dövlətlər sırasındadır.
Mən bir daha çıxışımın sonunda hərbçilərimizi salamlamaq, onların ünvanına ən xoş arzularımı çatdırmaq istərdim. Hər birinizə cansağlığı, uzun ömür və müqəddəs fəaliyyətinizdə böyük uğurlar diləyirəm.
Sonra Təlim və Tədris Mərkəzinin kollektivi adından çıxış etmək üçün söz polkovnik-leytenant Murad Gülbabayevə verildi. Azərbaycan xalqının müstəqilliyinin qorunmasında Silahlı Qüvvələrin aparıcı rolundan və ordumuzun keşməkeşli inkişaf yolundan danışan zabit dedi:
- Müstəqillik uğrunda mübarizə tarixində xalqımız şərəfli yol keçib və ordu quruculuğunda mühüm nailiyyətlər qazanıb. Ötən əsrin sonlarında ölkəmiz öz möstəqilliyini qazandıqdan sonra qarşıda çox ciddi və taleyüklü məsələlərin həlli dayanırdı. Dövlət müstəqilliyinin bərpası, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması, ölkənin ərazi bötövlüyünün qorunması kimi bir çox mühüm məsələlər gənc, müstəqil Azərbaycanı ciddi sınaqlar qarşısında qoymuşdu. Şübhəsiz, müstəqilliyin və sərhədlərin qorunması hər şeydən öncə güclü bir ordunun yaradılmasını tələb edirdi.
Azərbaycan Ordusu ən müasir tələblərə cavab verən hərbi quruma çevrilib
Ölkəmizin ilk müstəqilliyi dövründə ordu quruculuğu ciddi çətinliklərlə üz-üzə qalmışdı. Məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirilməsinə başlandı. Hazırda bu siyasəti inamla davam etdirən ölkə başçısı, Ali Baş Komandanımız İlham Əliyev çox qısa vaxt ərzində Silahlı Qövvələrin inkişafında həlledici uğurlara imza atıb. Dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğuna böyük diqqət yetirilməsi nəticə etibarilə güclü və döyüşkən bir ordunun yaranmasına səbəb olub. Artıq beynəlxalq hərbi qurumların rəsmiləri də Azərbaycan Ordusunun ən müasir tələblərə cavab verən etibarlı hərbi qurum olduğunu etiraf edirlər.
Natiqə görə, ölkəmizin son illərdəki dinamik iqtisadi inkişafı Silahlı Qövvələrimiz üçün ayrılan büdcənin dəfələrlə artmasına zəmin yaradıb. Ali Baş Komandan İlham Əliyevin və ordu rəhbərliyinin həyata keçirdiyi məqsədli siyasət nəticəsində ordumuzun döyüş qabiliyyəti daha da güclənib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Son vaxtlar ölkə başçısının məlum fərmanı əsasında yüzlərlə hərbçiyə dövlət tərəfindən daimi mənzillərin verilməsi və ötən illərdə istifadə olunmayan məzuniyyətə görə pul kompensasiyasının ayrılması kimi məsələlər də bu qəbildəndir. Artıq hərbi qulluqçuların sosial-hüquqi müdafiəsini gücləndirmək üçün yeni təkliflər hazırlanaraq ölkənin qanunvericilik qurumlarının müzakirəsinə verilib.
Böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Cənubi Qafqaz regionunda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təmin etmək gücünə malik olan yeganə ölkədir. Son illər formalaşan hərbi sənayemizin hesabına biz nəinki öz ordumuzu müasir silah-sursatla təmin edirik, hətta bir çox xarici ölkələrə öz məhsullarımızı ixrac etməyə başlamışıq.
Zabit çıxışının sonunda bir məsələni də vurğuladı ki, Ermənistanın işğal etdiyi torpaqlarımızdan öz xoşuna çıxmayacağı təqdirdə Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə öz sözünü deyəcəkdir.
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov isə çıxışına başlamazdan öncə Bakıda keçirilən rəssamların beynəlxalq konfransının iştirakçıları adından ordunun şəxsi heyətini salamladı.
- Mən bugünkü çıxışıma 1992-1993-cü illərdə cəbhə xəttinə bir səfərimin acı təəssüratı ilə başlamaq istərdim, - dedi xalq rəssamı. - Bu həmin vaxtlar idi ki, Azərbaycan yenicə öz ordusunu yaradırdı. Bir hərbi hissədə gördüklərim məni dəhşətə gətirmişdi. Təsəvvür edin, əsgər geyinməyə çəkmə, yeməyə çörək tapmırdı. Nə yaxşı ki, tezliklə xalq öz xilaskarına üz tutdu. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öncə nizami və döyüşkən ordunun yaradılması üçün əsaslı islahatlara başladı.
"Nə vaxt kursantlarla görüşürəmsə, öncə ulu öndərimiz yaddaşımda canlanır»
Çıxışına davam edən natiq bir məsələyə - ümummilli liderin ölkədə hərbi kadrların hazırlığına göstərdiyi böyük diqqət və qayğıya toxundu.
- Bir neçə dəfə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və digər hərbi təhsil müəssisələrində kursantlarla görüşlərim olub. Hər dəfə də zabit olacaq yeniyetmə və gənclərimizə həsəd aparmışam ki, onlar doğma Vətənimizin müdafiəçiləri kimi ordumuzun sıralarında xidmət edəcəklər. Azərbaycan xalqına bu xoşbəxtliyi isə ulu öndər bəxş edib. Hələ postsovet dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev böyük uzaqgörənliklə indiki C.Naxçıvanski adına Hərbi Liseyi yaratmış, 50-60 il öncə Azərbaycanın nə vaxtsa müstəqil ölkə olacağını düşünmüşdü. İndi ordumuzun generallarını, yüksək rütbəli zabitlərimizi görəndə mən iftixarla düşünürəm ki, onlar ulu öndərin bünövrəsini qoyduğu hərbi məktəblərimizin yetirmələridir. Doğrudan da, zabit peşəsi ən müqəddəs bir peşədir, çünki onun mənası, məramı Vətəni qorumaq deməkdir.
Burada, zalda əyləşən gənc leytenantlara baxanda xalqımızın ümidli gələcəyini görürəm. Hər biri bu xalqın övladı olan hərbçilərimiz ana sandığımız Vətəni qorumaq üçün bu peşənin sirlərinə dərindən yiyələnməlidir. Bu gün yurdumuzun hər qarışı uğrunda haqq savaşına hazır olan və daim köksü qələbə əzmi ilə döyünən oğullarımız burada əyləşiblər. Şübhəsiz, onlar xalqımızın ədalətli mübarizəsində zəfər qazanacaqlar.
Növbəti çıxış üçün söz Təlim və Tədris Mərkəzinin zabiti kapitan Xəyal İsgəndərova verildi. Öz çıxışına ulu öndərin ordu quruculuğu sahəsindəki böyük xidmətlərini qeyd etməklə başlayan zabit də bildirdi ki, Azərbaycan Ordusunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Orduya diqqət və qayğı dövlətimizin əsas prioritetlərindən biridir
- Görkəmli dövlət rəhbəri və qətiyyətli sərkərdə olmuş ümummilli liderimizin səyi ilə çox qısa vaxtda Azərbaycanda vahid komandanlığa tabe olan nizami ordu formalaşıb, - deyə kapitan çıxışına davam etdi. - Bu böyük quruculuq siyasəti hazırda ulu öndərin layiqli davamçısı, respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu gün ölkənin dövlət büdcəsində ən böyük məbləğdə vəsait ordu quruculuğuna ayrılır. Müharibə vəziyyətində, torpaqları işğalda olan bir dövlət kimi Azərbaycan öz ordusunu gücləndirməyə və hərbi potensialını artırmağa ciddi önəm verir. Məhz belə uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və nizami hərbi qurumdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev hələ 2003-cü ildə, dövlət başçısı postunda fəaliyyətə başladığı ilk günlərdə bəyan etmişdi ki, ordu quruculuğunun inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdən biri olacaqdır.
Bu gün bu zalda əyləşən zabit həmkarlarımın adından söz verirəm ki, istənilən an, Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımızı son qarışına kimi azad etməyə hazırıq.
Sonra qonaqlar media nümayəndələri ilə bir günlük təəssüratlarını bölüşərək bu və ya digər sualları cavablandırdılar.
Axırda Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu hərbi qulluqçularla yaddaqalan görüş keçirdiklərinə görə qonaqlara şəxsən Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin adından minnətdarlığını çatdırdı.