Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2018 14:55

Azərbaycan Respublikasının xarici dövlətlərdə yerləşən nümayəndəliklərində Silahlı Qüvvələrin yaranmasının 100-cü ildönümü münasibəti ilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının xarici dövlətlərdə yerləşən nümayəndəliklərində Silahlı Qüvvələrin yaranmasının 100-cü ildönümü münasibəti ilə tədbirlər keçirilib.

İslamabad:
İslamabad şəhərində Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Paytaxtın Serena mehmanxanasında keçirilən qəbulda Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mücahid Ənvər Xan, Pəncab əyalətinin qubernatoru, Pakistan Silahlı Qüvvələrinin bir sıra generalları, kontradmiralları, aviasiya vitse-marşalları, digər yüksəkrütbəli zabitlər, xarici ölkələrin Pakistanda akkreditə olunmuş səfirləri, hərbi attaşelər, diplomatlar, dövlət və hökumət rəsmiləri, tanınmış ziyalılar, biznesmenlər, jurnalistlər və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirin keçirildiyi salon Azərbaycan və Pakistan bayraqları, Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycanın ümummilli lideri Heydər Əliyevə və digər görkəmli şəxsiyyətlərinə aid, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini və Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları özündə əks etdirən fotoşəkillər və stendlərlə bəzədilib. Cari ildə keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin banerləri və broşürləri də salonda yerləşdirilib. Salonun mərkəzində qurulmuş monitorda Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini, hərbi imkanlarını, maddi-texniki bazasını, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafını, mədəniyyətini, tarixini və turizm imkanlarını əks etdirən videoçarxlar təqdim olunub.
Salonun girişində hərbi attaşe polkovnik Mehman Novruzov tərəfindən yağlı boya ilə çəkilmiş ulu öndər Heydər Əliyevin və Silahlı Qüvvələrimizin Ali Baş Komandanının portretləri, eləcə də 2016-cı ilin Aprel döyüşləri nəticəsində düşmən işğalından azad olunmuş Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndinin görüntülərini əks etdirəm rəsm əsərləri sərgilənib.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan rəsmi qəbulda qonaqları salamlayan səfir Əli Əlizadə bu il Azərbaycan Prezidentinin Sərəncamına əsasən təntənəli şəkildə qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrinin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə kimi yadda qalacağını və bu bayram tədbirlərinin dost və qardaş ölkə olan Pakistanda keçirilməsinin xüsusi əhəmiyyətinin olduğunu vurğulayıb. Səfir Azərbaycan xalqının dəstəyi və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bir çox uğurlara imza atdığını və hazırda Cənubi Qafqazın ən güclü ordusu olduğunu qeyd edib. Diplomat səmərəli əməkdaşlıq və tərəfdaşlığa görə Pakistana, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirin iştirakçılarına təşəkkürünü çatdırıb.
Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov Silahlı Qüvvələrimizin yaranma tarixi və inkişaf yolundan danışıb. O, Azərbaycanın Xalq Cümhuriyyəti dövründə olduğu kimi, müstəqilliyin bərpasından sonra da Azərbaycanın erməni təcavüzü və terroru ilə üzləşdiyini, nəticədə 1988-1993-cü illərdə əzəli torpaqlarımızın erməni işğalına məruz qaldığını qeyd edib. Hərbi attaşe 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin Ermənistan tərəfindən icra olunmadığını bildirib. Qeyd edib ki, Azərbaycan dövləti və xalqı tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətraf rayonlarının erməni terrorçuları tərəfindən işğalı faktı ilə heç vaxt barışmayacaq və işğal altında olan torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasət nəticəsində azad ediləcəyi günün çox yaxında olduğunu vurğulayıb. O, müasir silahlar, peşəkar və vətənpərvər kadrlara sahib olan Azərbaycan Ordusunun son nailiyyətləri, eləcə də Pakistanla əlaqələri haqqında da məlumat verib, iki ölkə arasında hərbi münasibətlərin dinamik inkişaf etdiyini deyib.
Mücahid Ənvər Xan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı və şəxsi heyətini, Azərbaycan dövləti və xalqını bu tarixi gün münasibətilə təbrik edib. Vurğulayıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan Ordusu böyük inkişafa və nailiyyətlərə imza atıb. Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı Pakistan-Azərbaycan əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu bildirib, ölkəsinin 2005-ci ildə üzləşdiyi zəlzələ, eləcə də 2010 və 2011-ci illərdə baş verən daşqınların fəsadlarının aradan qaldırılması zamanı Azərbaycanın Pakistan dövlətinə və xalqına göstərdiyi dəstəyi də xatırladıb. Azərbaycanın və Pakistanın Dağlıq Qarabağ və Kəşmir məsələlərində bir-birinə göstərdiyi dəstəyin önəmini qeyd edən Mücahid Ənvər Xan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Çıxışlardan sonra Azərbaycandan dəvət olunmuş müğənnilər Pərviz Abdullayev, Mehparə Cəfərova və sintezator ifaçısı Ruslan Cabbarovun ifasında xalq mahnılarımız səslənib.
Mərasimdə iştirakçılara Azərbaycan həqiqətləri ilə bağlı kitablar, bukletlər və digər əyani materiallar paylanıb.
Rəsmi qəbul Pakistanın televiziya kanalları və kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

 

Brüssel:
Silahlı Qüvvələrin yaranmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəliyi tərəfindən Brüssel şəhərində rəsmi ziyafət təşkil edilib.
Tədbirdə müxtəlif dövlətlərin NATO yanındakı səfirləri, diplomatik korpusun üzvləri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin hərbi nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, Alyansın idarə və agentliklərinin üzvləri, Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının rəsmiləri iştirak ediblər.
Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin mühüm nailiyyətlərindən olan Silahlı Qüvvələrin yaradılmasının tarixçəsindən bəhs edərək, Xalq Cümhuriyyətinin dövlət quruculuğu, beynəlxalq əlaqələri, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar barədə məlumat verib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə Xalq Cümhuriyyətinin ənənə və prinsiplərinin dirçəldildiyini qeyd edən Q.Məmmədov Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında etibarlı tərəfdaş olduğunu qeyd edib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında nümayəndəsi polkovnik Ağaverdi Quliyev qonaqlara Azərbaycanın hərb ənənələri, Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə ətraflı məlumat verib.
Qəbul zamanı Azərbaycan və onun Silahlı Qüvvələri barədə videomateriallar nümayiş etdirilib, qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

London:
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və hərbi attaşeliyinin təşkilatçılığı ilə Londonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümünə həsr olunan rəsmi ziyafət təşkil edilib.
Rəsmi ziyafətə Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin nümayəndələri qatılıblar.
Əvvəlcə Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə suveren Azərbaycan dövlətinin tərkibində Silahlı Qüvvələrin xüsusi rolu olduğunu vurğulayıb. O bildirib ki, 1918-ci ildən bəri Böyük Britaniya ilə ənənəvi əməkdaşlıq sıx şəkildə inkişaf edir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Londondakı hərbi attaşesi, polkovnik Vüqar Əhmədov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu və bir ay sonra - 26 iyun tarixində Silahlı Qüvvələrin yarandığını bildirib: “Cəmi iki il ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə işğal edildi. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Silahlı Qüvvələrin də yenidən əsası qoyuldu”.
V.Əhmədov deyib ki, Azərbaycan bölgədə sülh və əmin-amanlıq istəyir: “Ancaq biz, eyni zamanda, işğal edilmiş torpaqlarımızın geri qaytarılmasını və ərazi bütövlüyümüzün bərpasını istəyirik. Bizim tələblərimiz tarixə, beynəlxalq hüquqa və ədalətə söykənir. Müasir dünyamızda işğal qəbuledilməzdir. Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü tez bir zamanda bərpa olunacaq”.
Hərbi attaşe qeyd edib ki, Azərbaycan NATO-nun regionda mühüm tərəfdaşıdır və bunu sadəcə bəyanatla yox, öz hərəkətləri ilə də göstərir: “Biz İraq və Kosovoda olduğu kimi, hazırda Əfqanıstandakı sülhməramlı əməliyyatlara da dəstək veririk”.
Daha sonra tədbirdə çıxış edən Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Earl Hov İkinci Dünya müharibəsində vuruşan hər 7 azərbaycanlıdan birinin qadın olduğunu bildirib. O, müsəlman dünyasında səsvermə hüququnun ilk dəfə azərbaycanlı qadınlara verildiyini xatırladaraq bunun heç də təsadüfi olmadığını vurğulayıb. E.Hov Azərbaycanın uzun zamandır Böyük Britaniyanın yaxın dostu və tərəfdaşı olduğunu söyləyib: “Azərbaycanın sabit mövqeyi Qafqaz regionunda vəziyyətin qorunmasında əsas amillərindən biridir”.
E.Hov Azərbaycanın Böyük Britaniyanın mühüm biznes tərəfdaşlarından biri olduğunu vurğulayaraq, hazırda Azərbaycanda Britaniya kapitallı 450 şirkətin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, 2018-ci ilin fevral ayında iki ölkə arasında “2018-2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalandığını xatırladıb.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün ziyafət təşkil olunub, “Heydər Əliyev irsində hərb tarixi" adlı geniş videoçarx sərgilənib.

Vyana:
Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində Silahlı Qüvvələrimizin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə əvvəlcə Azərbaycanın və Avstriyanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında tam bir əsr öncə əsası qoyulan Azərbaycan Silahlı Qüvvələrinin tarixindən bəhs edib. Qeyd edilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə sistemli ordu quruculuğuna start verildi. Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda ən güclü və yüksək döyüş hazırlığına malik orduya malikdir. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan dövlətinin qüdrətinin əsas tərkib hissəsinə çevrilib. Ordusunu müasir hərbi texnika ilə təmin edən Azərbaycan dövləti, eyni zamanda, güclü hərbi sənaye quruculuğuna da nail olub.
Azərbaycan Silahlı Qüvvələrinin Avstriyadakı səfirliyi nəzdindəki hərbi nümayəndəsi, polkovnik-leytenant Azər Heybətli Silahlı Qüvvələrimizin tarixi, onun keçdiyi şanlı yol və hazırkı inkişafı barədə danışıb. Qeyd edilib ki, 2016-cı ilin Aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Silahlı Qüvvələri əhalinin təhlükəsizliyini təmin etməyə və ölkənin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdi. Ciddi nizam-intizama malik, mənəvi-psixoloji cəhətdən yüksək əhval-ruhiyyədə olan Azərbaycan Silahlı Qüvvələrinin kiçik bir hissəsi qısa müddətdə mühüm strateji yüksəklikləri düşməndən azad edərək öz yüksək peşəkarlıq, hərbi qüdrət və döyüş əzmini sübuta yetirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini və ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu diqqətə çatdıran hərbi nümayəndə bu gün Azərbaycan Silahlı Qüvvələrinin ən başlıca məqsədimiz olan Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək qüdrətində olduğunu diqqətə çatdırıb.
Tədbir boyunca böyük ekranda təbliğat xarakterli videoçarxlar nümayiş etdirilib, eləcə də hərbi marşlarımız səsləndirilib. Səfirliyin tədbir salonunda Azərbaycanlı Silahlı Qüvvələrinin hərbi qüdrətini əks etdirən fotosərgi nümayiş etdirilib.

 

Berlin:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə Berlində rəsmi qəbul keçirilib.
Tədbir Azərbaycanın və Almaniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov müsəlman Şərqində ilk dünyəvi və demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu diqqət çatdırıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət yaşamasına baxmayaraq, xalqın inkişafına və maariflənməsinə, habelə onun dövlətçilik ənənələrinin yenidən canlandırılmasına xüsusi töhfələr verib. Bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyəti yaddaşlarda dərin iz qoyub. Müasir Azərbaycan Respublikası özünü Cümhuriyyətin varisi elan edib.
Səfir xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində müasir Azərbaycanın Qafqaz regionunda ən güclü və müasir orduya malik olan qüdrətli dövlətə çevrildiyini vurğulayıb.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinin ağır nəticələri barədə tədbir iştirakçılarını məlumatlandıran səfir ölkəmizin ərazi bütövlüyünün bərpasının prioritet vəzifə olduğunu qeyd edib.
Səfirliyin hərbi attaşesi, polkovnik Mahir Bayramov qonaqlara milli ordumuzun yaranması tarixi haqqında məlumat verib. O, Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan və beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfələrdən bəhs edərək, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan NATO ilə əməkdaşlığa xüsusi diqqət ayırır və Alyansın beynəlxalq əməliyyatlarına dəstək verir. Azərbaycan ordusu bu gün ən müasir silah və hərbi texnika ilə təchiz edilib. Bununla yanaşı, 2005-ci ildən etibarən ölkəmiz hərbi sursat, silah və ləvazimatlar istehsal etməyə başlayıb.
Qəbulda Azərbaycan və onun Silahlı Qüvvələri barədə videomateriallar nümayiş etdirilib, qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub.
Tədbirdə Almaniya Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, digər dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin Berlindəki səfirliklərinin hərbi attaşeləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

Pekin:
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə Pekində mərasim keçirilib.
Çin Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxslərinin, bir sıra ölkələrin Pekindəki hərbi attaşelərinin, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənib.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bu il ölkəmizdə iki önəmli hadisənin – müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin və onun Silahlı Qüvvələrinin 100-cü ilinin təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, həmin Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalıb, nəticədə ərazisinin bir hissəsi işğal edilib. Müstəqilliyin ilk illərində siyasi və iqtisadi qarışıqlıqları ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində dəf edən ölkəmiz inkişaf yoluna qədəm qoya bilib. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan çox sürətlə inkişaf edən və beynəlxalq məkanda öz nüfuzunu gücləndirən bir dövlətə çevrilib.
Müstəqil Azərbaycan Respublikasının dünya birliyi ilə fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran səfir Ə.Zeynallı, bu xüsusda Azərbaycanın Çin Xalq Respublikası ilə ikitərəfli əlaqələrinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Bu əlaqələr dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir. Azərbaycan Çin ilə münasibətlərinə xüsusi əhəmiyyət verir və ikitərəfli əlaqələrin bütün sahələr üzrə dərinləşməsində maraqlıdır.
Diplomat bildirib ki, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə əldə edilmiş razılaşmaların iki ölkə arasında təşəkkül tapmış fəal siyasi dialoqun əsasını təşkil edir. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə genişləndirilməsi və dərinləşdirilməsi üçün geniş imkanlar yaradır. Bu xüsusda, hərbi sahədə əməkdaşlıq da istisna deyil.
Milli Ordunun yaradılmasının tariximizin mühüm hadisəsi olduğunu deyən Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşesi Elçin Cəfərov bildirib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk milli diviziyanı yaratmaqla müstəqil Azərbaycanın ordu quruculuğunda ilk addımını atdı. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu, o cümlədən ordu quruculuğunda yeni mərhələ başlandı. Müasir Azərbaycan Ordusu bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü ordusuna çevrilib. Hazırda Azərbaycan Ordusu nəinki ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə və qorumağa, eyni zamanda dünyada terrora, separatizmə və ekstremizmə qarşı mübarizə aparmağa qadir bir ordudur.
Bildirilib ki, Azərbaycan xalqı Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin qəbulunda və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı tutduğu mövqeyini yüksək qiymətləndirir. İki ölkə arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olaraq Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun cari ildə Çinə səfəri zamanı Çin Mərkəzi Hərbi Şurasının sədr müavini Su Çilian və milli müdafiə naziri Vey Fenxe ilə görüşlərində ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə dair razılıq əldə olunub.
Sonda Azərbaycan Silahlı Qüvvələrinə həsr olunan film nümayiş etdirilib. Tədbir iştirakçıları Azərbaycanda ordu quruculuğunun tarixinə, Silahlı Qüvvələrimizin maddi-texniki imkanlarına və döyüş hazırlığına, iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair fotoşəkillərdən ibarət sərgiyə baxıblar.

Tehran:
Tehranda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul təşkil edilib.
Qəbulda İranın Silahlı Qüvvələrinin generalları, yüksək rütbəli zabitlər, xarici ölkələrin İranda akkreditə olunmuş səfirləri, hərbi attaşelər, diplomatlar, dövlət və hökumət rəsmiləri, tanınmış ziyalılar, iş adamları, jurnalistlər və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirin keçirildiyi məkan hər iki ölkənin bayraqları, ümummilli lider Heydər Əliyevə və digər görkəmli şəxsiyyətlərinə aid, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini və Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları özündə əks etdirən fotoşəkillər və stendlərlə bəzədilib. Eləcə də 2016-cı ilin Aprel döyüşləri nəticəsində düşmən işğalından azad olunmuş Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndinin görüntülərini əks etdirən rəsm əsərləri sərgilənib. Səfirliyin həyətində qurulmuş monitorda Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini, hərbi imkanlarını, maddi-texniki bazasını, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafını, mədəniyyətini, tarixini və turizm imkanlarını əks etdirən videoçarxlar təqdim olunub.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan rəsmi qəbulda qonaqları salamlayan ölkəmizin İrandakı səfiri Bünyad Hüseynov bu il Azərbaycan Prezidentinin Sərəncamına əsasən təntənəli şəkildə qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrinin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə kimi yadda qalacağını və bu bayram tədbirlərinin dost və qardaş ölkə olan İranda keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Səfir Azərbaycan xalqının dəstəyi və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bir çox uğurlara imza atdığını və hazırda Cənubi Qafqazın ən güclü ordusu olduğunu qeyd edib.
Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi vəzifəsinin icraçısı, polkovnik-leytenant Rəşad Quliyev Silahlı Qüvvələrimizin yaranma tarixi və inkişaf yolundan danışıb. Qeyd olunub ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri Milli Ordunun təşkili olub. Hər bir dövlətin müstəqilliyinin qarantı və xalqın müdafiəçisi olan Silahli Qüvvələrin yaradılması ölkələrin tarixinin şanlı səhifəsini təşkil edir.
Qətiyyətlə demək olar ki, müasir Azərbaycan dövlətinin ordu quruculuğu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev yeni dövlət quruculuğu prosesində güclü ordunun formalaşmasını əhəmiyyətli amil kimi ortaya qoydu.
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verib. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib.
Diqqətə çatdırılıb ki, sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir.
Azərbaycan ordusu 2016-ci ili aprel ayında nəyə qadir olduğunu əyani şəkildə göstərərək erməni işğalı altında olan strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etdi. Bununla da Azərbaycan əsgəri təcavüzkara öz gücünü göstərdi. Azərbaycan hər an düşmən tapdağında olan torpaqlarını azad etməyə həm hazırdır, həm də qadirdir. Əgər erməni tərəfi destruktiv mövqeyindən çəkilməyərək danışıqlar prosesini süni yolla davam etdirməyə cəhd etsə, onda Azərbaycan Ordusu öz sözünü deyərək ərazilərini azad edəcək.
Daha sonra tədbir bədii hissə ilə davam edib.

Tbilisi:
Azərbaycan Silahlı Qüvvələtinin yaranmasının 100 illiyi münasibətilə Gürcüstanın paytaxtı Tbilisidə təntənəli mərasim keçirilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, Gürcüstanın müdafiə naziri Levan İzoriyanın, diplomatik korpusun əməkdaşlarının, xarici ölkələrin hərbi attaşelərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət Himnləri səsləndirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyindəki hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov çıxışında Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixinə nəzər salıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə eyni tarixdə yaradılan Azərbaycan Ordusu müəyyən səbəblərdən 1920-ci ildə iflasa uğrasa da ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yenidən qurulub. Azərbaycan Silahlı Qüvvələri bu gün daha möhkəm, müasir infrastruktura, texnika və silahlara malikdir. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, quru qoşunları və digər strukturlarımız bu gün ən yüksək standartlara cavab verir.
O, Azərbaycan Prezident İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, bu diqqət nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edir.
Ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu vurğulayan attaşe bildirib ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşmən tapdağından tez bir zamanda azad etməyə qadirdir. 2016-cı ilin aprel döyüşləri bunu bir daha sübut etdi. Bununla belə, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünluk verir.
F.İbrahimov Azərbaycan və Gürcüstan Silahlı Qüvvələrinin əməkdaşlığından da danışıb, silahlı qüvvələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda səmərəli əməkdaşlıq etdiyini xüsusi qeyd edib.
Sonra Gürcüstanın müdafiə naziri Levan İzoria çıxış edərək Azərbaycan Prezidentini və xalqımızı bayram münasibətilə təbrik edib. Bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə oldugu kimi, hərbi sahədə də uğurlu əməkdaşlıq edirlər. Nazir Gürcüstan, Azərbaycan və Türkiyə Silahli Qüvvələrinin çox uğurlu əməkdaşlıq etdiklərini xüsusi qeyd edib. Bu əməkdaşlığın strateji tərəfdaşlığımızın bariz nümunəsi olduğunu vurğulayıb.
Sonra yubiley tortu kəsilib.
Daha sonra Azərbaycan Ordusunun yaranması, inkişafı və bugünkü qüdrətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Moskva:
Moskvada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunan təntənəli mərasim keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə xarici ölkələrin səfirləri, hərbi attaşeləri, diplomatlar, diaspor nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açıb. O, çıxışında ordunun yaranmasının hər bir dövlətin, xalqın həyatında mühüm hadisə olduğunu söyləyib: "Rusiyada düzgün bir deyim var. Dövlətin ən böyük dostu, onun ordusu və donanmasıdır. Bu, həqiqətən də belədir. Əgər həqiqətən müstəqil olmaq istəyirsənsə, sənin güclü ordun olmalıdır. Əks təqdirdə, müstəqil olmaq çətindir. Bəxtim gətirib. Çünki, bu gün Bakıda ordumuzun yaranmasının 100 illiyinə həsr olunan hərbi paradda iştirak etdim. Ali baş komandan, prezident İlham Əliyevin çıxışını, hərbi texnikamızın paraddakı nümayişini izlədim. Çox böyük qürur hissi duydum. Mən, yaşlı nəslin nümayəndəsiyəm. Biz, Sovetlər İttifaqında doğulmuşuq. SSRİ-nin ordusu ilə, Sovetlər xalqının Böyük Vətən müharibəsindəki qələbəsi ilə qürur duyurduq. Bu qələbə bizi birləşdirirdi. Biz yaşlı nəsil heç vaxt bunu unutmuruq. Bu gün isə Bakıda keçirilən hərbi paradda tribunada oturanda zabit və əsgərlərimizə baxdım qürur hissi keçirdim. Daha sonra paradda nümayiş olunan fərqli ölkələrdən alınan müasir hərbi texnikanı gördüm, anladım ki, həqiqətən də Azərbaycan ordusu bütün təcavüzlərin qarşısını almaq və Ali Baş komandanın bütün tapşırıqlarını yerinə yetirmək əzmindədir. Prezidentimiz İlham Əliyev çıxışında bir daha qeyd etdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh, danışıqlar yolu ilə həll etmək istəyir. Əlbəttə ki, prezidentimiz Ali Baş komandan kimi, ata kimi, baba kimi, hər iki tərəfdən cavan insanların ölməsini istəmir. Ona görə də, biz, əlimizdən gələni edirik ki, münaqişə sülh yolu ilə həll olunsun. Lakin Azərbaycan rəhbərliyinin və xalqının səbri sərhədsiz deyil. Əlbəttə ki, biz, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya Federasiyasına, eləcə də Minsk Qrupunun özünə böyük ümidlər bəsləyirik ki, bu məsələ ən yaxın vaxtda ədalətli şəkildə həll olunacaq. Bir daha təkrarlamaq istəyirəm ki, Bakıda keçirilən paradda bir tamaşaçı kimi iştirak edirdim. Qeyd etmək istəyirəm ki, bu gün Qarabağ münaqişəsini silahlı yolla həll etmək üçün Azərbaycanın bütün imkanları var. Digər məsələ, vəziyyətin daha sonra necə inkişaf edəcəyidir. Bir daha təkrarlamaq istəyirəm ki, biz, münaqişənin sülh yolu ilə həll olunmasını çox istəyirik".
Səfir çıxışında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyini qeyd etmək üçün mərasimə təşrif buyuran qonaqlara təşəkkürünü bildirib.
Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı hərbi attaşesi polkovnik Nadir Şahbazov Azərbaycan Silahlı Qüvvələrin yaranması və formalaşmasının tarixi mərhələlərindən danışıb. O, 1918-ci ilin 26 iyunu tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk milli diviziyanın və müdafiə nazirliyinin yaradılması haqqında qərar qəbul etdiyini bildirib: "General Səməd bəy Mehmandarov müdafiə naziri, general Əliağa Şıxlinski onun müavini, general Süleyman Şulkeviç isə baş qərargah rəisi təyin olunublar. 1919-cu il Milli Ordunun yaranması prosesində həlledici mərhələ olub. 1920-ci ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin formalaşması tam başa çatıb".
Hərbi attaşe 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 26 iyun tarixi Silahlı Qüvvələrin yaranması Günü və dövlət bayramı kimi qeyd olunduğunu vurğulayıb. O, Azərbaycan ordusunun qarşısında duran bütün vəzifə və tapşırıqları yerinə yetirmək qüdrətində olduğunu söyləyib: "İşğal altında olan torpaqlarımızda elə bir hərbi və ya strateji hədəf yoxdur ki, biz, onu məhv edə bilməyək. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularının reytinqində yüksək pillədə yerini alır. Ordumuzun döyüş ruhu hər zaman yüksəkdir. Hal-hazırda 90-cı illərdən fərqli olaraq düşmənin qarşısında "status-kvo"nu Azərbaycanın xeyrinə dəyişə biləcək yüksək hazırlıqlı və müqayisə olunmayacaq dərəcədə güclü ordu dayanır".
Mərasimdə Bakıda keçirilən hərbi paraddan görüntülər nümayiş olunub. Qonaqlara Azərbaycan SQ-nin yaranmasının 100 illiyi münasibəti ilə ziyafət verilib.