Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyun 2016 09:00

Azərbaycan Respublikasının xaricdəki nümayəndəliklərində Silahlı Qüvvələr Günü qeyd edilib

Brüssel
Silahlı Qüvvələrin yaranmasının 98-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tərəfindən Brüssel şəhərində yerləşən NATO Mənzil Qərargahında rəsmi ziyafət keçirilib.
Tədbirdə dövlətlərin NATO yanındakı Səfirləri, diplomatik korpusun digər üzvləri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin Hərbi Nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun idarə və agentliklərinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri iştirak ediblər.
Tədbir zamanı qonaqlara Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə məlumat verilib. Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olması xüsusi qeyd edilib.
Qəbul zamanı Azərbaycan və onun Silahlı Qüvvələri barədə video materiallar nümayiş etdirildi, qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.


Ankara
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə Ankarada rəsmi qəbul keçirilib.
Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən təşkil olunan qəbulda Türkiyə Respublikası Silahlı Qüvvələrinin 43 generalı, tanınmış ictimai-siyasi xadimlər, deputatlar, Xarici İşlər Nazirliyinin və digər rəsmi qurumların nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və təmsilçiləri, diaspor, KİV və QHT mənsubları iştirak ediblər.
Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov çıxışında ümummilli lider Heydər Əliyevin ordumuzun təşkilatlanması və qüdrətlənməsi ilə bağlı tarixi xidmətlərindən bəhs edib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasətinin yüksək nəticələrini diqqətə çatdırıb. O, Milli Ordumuzun 2016-cı ilin aprel ayında təcavüzkar Ermənistanın hərbi qüvvələrinə qarşı əldə etdiyi qələbə, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı Azərbaycan dövlətinin birmənalı və qətiyyətli mövqeyi barədə iştirakçılara məlumat verib.
Rəsmi qəbul ziyafətlə başa çatıb.


Moskva
Rusiya paytaxtında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycan Rusiyadakı səfirliyinin Qonaq Evində keçirilən mərasimdə 70-dən çox ölkənin hərbi attaşeləri, Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Azərbaycanın Rusiyadakı hərbi attaşesi, polkovnik Rac Babayev qonaqları salamlayaraq milli ordumuzun yaranması tarixi haqqında danışıblar.
Sonda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü şərəfinə qonaqlara ziyafət verilib.
Tehran
Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə qəbul keçirilib. Qəbulda İran Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, xarici ölkələrin Tehrandakı səfirliklərinin hərbi attaşeləri, səfirlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən hərbi attaşe Emin Əzimzadə deyib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub. Hər il bu tarix rəsmi dövlət bayramı kimi təntənə ilə qeyd edilir.
Bildirilib ki, müasir Azərbaycan Ordusunun yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Ulu Öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi işlərin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün Qafqaz regionunda ən güclü orduya malikdir.
Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyev müdafiə məsələlərini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının cəbhə bölgəsinə tez-tez səfər etməsi, hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər keçirməsi orduda yüksək əhval-ruhiyyə yaradır, şəxsi heyətin qələbə əzmini möhkəmləndirir.
Bu gün Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı birləşmələrini hər an Dağlıq Qarabağdan və zəbt edilmiş digər ərazilərindən çıxarmaq iqtidarındadır. Lakin Azərbaycan humanizm prinsiplərini əsas tutaraq münaqişənin qan tökülmədən, sülh yolu ilə həll edilməsini istəyir. Əgər sülh danışıqları fayda verməsə Azərbaycan Ordusu öz sözünü deyəcək.
Çıxışlardan sonra tədbir bədii proqramla davam edib.
Qəbulda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.


London
Birləşmiş Krallıqdakı səfirliyimizin və hərbi attaşelik aparatının təşkilatçılığı ilə Londonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr olunan rəsmi qəbul təşkil edilib.
Qəbulda Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəsmiləri, parlamentin üzvləri, bir sıra dövlətlərin səfirləri və hərbi attaşeləri, Azərbaycanın İngiltərədəki diasporunun nümayəndələri də daxil olmaqla, 200-dən artıq qonaq iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Silahlı Qüvvələrin yaranma tarixindən, müstəqilliyin bərpa olunmasından sonrakı ilk dövrlərdə çətin ordu quruculuğundan danışıb.
Tədbirdə çıxış edən Birləşmiş Krallığın Müdafiə Nazirliyinin Beynəlxalq Strategiya üzrə baş direktoru Nick Gurr təmsil etdiyi nazirlik adından Azərbaycan tərəfinə təbriklərini çatdırıb, uğurlu ikitərəfli hərbi əməkdaşlıq haqqında danışıb.
Tədbirdə Silahlı Qüvvələrimizlə bağlı videoçarxlar nümayiş etdirilib, rəsmi hissədən sonra ziyafət təşkil olunub.


Vyana
Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində Silahlı Qüvvələrimizin yaranmasının 98-ci ildönümünə həsr olunmuş qəbul təşkil edilib.
Tədbirdə əvvəlcə Azərbaycan və Avstriyanın dövlət himnləri səsləndirilib. Səfir Qalib İsrafilov və Azərbaycan Silahlı Qüvvələrinin Avstriyadakı hərbi attaşesi polkovnik Azər Salamov Silahlı Qüvvələrimizin tarixi, onun keçdiyi şanlı yol və hazırkı inkişafı barədə danışıblar. Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il iyunun 26-da Azərbaycan Hökuməti tərəfindən qoyulub.
Tədbir boyunca böyük ekranda təbliğat xarakterli videoçarx nümayiş etdirilib, eləcə də hərbi marşlarımız səsləndirilib.
Mərasim ziyafətlə başa çatıb.


Tbilisi
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə Tbilisidə rəsmi qəbul təşkil olunub.
Azərbaycanın Gürcüstandakı səfirliyinin Hərbi Attaşe Aparatının təşkil etdiyi tədbirdə səfir Azər Hüseyn, Türkiyənin səfiri Zəki Ləvənd Gümrükçü, Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Vaxtanq Kapanadze, Tbilisidəki diplomatik korpusun hərbi attaşeləri, Azərbaycanın bu ölkədəki şirkətlərinin əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Sonra səfirliyin Hərbi Attaşe Aparatının rəhbəri, polkovnik Xəzər Abbasov çıxış edərək Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işlər barədə məlumat verib. O, ümummilli lider Heydər Əliyevin ordumuzun təşkilatlanması və qüdrətlənməsi ilə bağlı tarixi xidmətlərindən, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasətinin yüksək nəticələrindən danışıb. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı Azərbaycan dövlətinin qətiyyətli mövqeyi barədə iştirakçılara məlumat verilib.
Tədbir boyunca böyük ekranda təbliğat xarakterli videoçarx nümayiş etdirilib, hərbi marşlarımız səsləndirilib.
Mərasim ziyafətlə başa çatıb.