Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Heydər oğlu Əliyevə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi üzvlərinin MÜRACİƏTİ

Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!

Sizi – xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi, müstəqil Azərbaycanımızı daha xoşbəxt gələcəyə inamla aparan möhtərəm Prezidentimizi, müdrik və qətiyyətli Ali Baş Komandanımızı səmimi-qəlbdən salamlayır və 57000 nəfərlik İctimai Birliyimizin üzvləri adından Zati-Alilərinizə möhkəm cansağlığı, uzun ömür və Vətən naminə xidmətlərinizdə bundan sonra da yorulmaz fəaliyyət arzulayırıq.
Cənab Ali Baş Komandan!
Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz və biz hər birimiz Sizin rəhbərliyiniz altında Vətənə, xalqa, dövlətə şərəf və ləyaqətlə xidmət etməkdən böyük qürur duyuruq.
Ulu Öndərimizin ənənələrini davam etdirərək bütün müharibə veteranlarına, eləcə də biz Qarabağ müharibəsinin əlillərinə, veteranlarına və şəhid ailələrinə daimi atalıq qayğısı göstərir, bütün problemlərimizin həlli üçün səylərinizi əsirgəmirsiniz. Bizlərə dövlət qayğısı Prezident kimi fəaliyyətinizdə prioritetdir və biz buna görə həmişə sizə minnətdarıq.
Möhtərəm Prezident!
Dünyanı iqtisadi, siyasi, hərbi və mənəvi böhran bürüdüyü bir zamanda Siz xalqımızın xoşbəxt və firavan yaşaması üçün bütün imkan və vasitələrdən istifadə edir və qarşılaşacağımız hər hansı bir çətinliyin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görürsünüz. Biz Qarabağ müharibəsinin əlilləri, veteranları və şəhid ailələri Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirik.
Möhtərəm Prezident!
Bizim yeganə problemimiz Qarabağ məsələsidir və biz Qarabağ uğrunda, işğal olunmuş torpaqlarımızın azadlığı naminə hər bir əmrinizə hər an hazırıq və əmrlərinizi gözləyirik.
Biz ulu öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqik və Sizin bütün əmrlərinizə müntəzir, əqidəsindən dönməyən əsgərlərinizik.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri adından


İctimai Birliyin sədri: ehtiyatda olan polkovnik
Mehdi Mehdiyev