Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi Silahlı Qüvvələrin şəxsi heyətinin böyük marağına və vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının nitqi bütün xalqımız kimi Silahlı Qüvvələrin şəxsi heyətinin də böyük marağına və vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrin qoşun növləri və hərbi hissələrində tarixi əhəmiyyət kəsb edən bu qətiyyətli nitq dərindən öyrənilir, təbliğ edilir və qarşıda duran vəzifələrin icrası ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.
“N” hərbi hissəsində keçirilən toplantını Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani açaraq möhtərəm Prezidentimizin nitqinin nəinki respublikamızda, eləcə də bir çox dünya ölkələrində böyük rezonans doğurduğunu bildirib. O, həmin nitqə istinadən qeyd edib ki, həqiqətən altı ay ərzində əldə etdiyimiz uğurlar tarixi uğurlardır.
Toplantı iştirakçılarının nəzərinə çatdırılıb ki, Prezidentin sədrliyi ilə keçirilən iclasda dövlətimizin başçısı ordu quruculuğu məsələlərinə daha geniş yer ayırıb. Ali Baş Komandanımız deyib ki, ordu quruculuğu bizim üçün daim prioritetdir və Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri bu il Azərbaycanda istifadəyə verilərək, Hərbi Dəniz Qüvvələrinin bazası yaradılıb. Bütün digər lazımi tədbirlər görülür, hərbi şəhərciklər, bazalar tikilir, təmir olunur, şəxsi heyət üçün gözəl şərait yaradılır. Təbii ki, silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir, müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Polkovnik Valeh Rəcəbov Ali Baş Komandanın iclasda dediyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaqdır. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, antiazərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz” sözlərini sitat gətirərək bir daha qeyd edib ki, şəxsi heyət işğal altındakı torpaqları azad etməyə hər an hazır və qadirdir.
Qarabağ müharibəsi veteranı Əli Babayev, Əfqanıstan müharibəsi veteranı Nadir Ələkbərov və ehtiyatda olan polkovnik-leytenant Vaqif Qurbanov Prezidentin nitqini televiziya vasitəsilə izlədiklərini, bu nitqin onlarda da böyük ruh yüksəkliyi yaratdığını və Qarabağ müharibəsinin ikinci mərhələsi başlayarsa əsgər-zabitlərimizlə bir səngərdə olacaqlarını bəyan ediblər.
Kapitan Arif Əliyev zabitlər adından Ali Baş Komandanı əmin edib ki, ordumuza göstərilən etimadı bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətli və şərəfli xidmətləri ilə doğruldacaqlar.
Bu günlərdə Silahlı Qüvvələrdən tərxis ediləcək həqiqi hərbi xidmət hərbi qulluqçuların adından çıxış edən əsgər Xalid Tapdıqzadənin “Biz doğma ordumuzdan ayrılmaq ərəfəsindəyik. Lakin, bu gün Ali Baş Komandanımız döyüş əmri verərsə, biz evimizə yox, birbaşa döyüş səngərinə yollanmağı üstün tutacağıq. Axı Vətən bizə arxalanır” sözlərini toplantı iştirakçıları alqışlarla qarşılayıblar.