Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2013 09:00

Azərbaycan Respublikasının müdafiə nazirinin Sloveniyanın müdafiə naziri ilə görüşü olub


Avqustun 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Sloveniyanın müdafiə naziri Roman Yakiçlə görüşü olub.
Azərbaycan-Sloveniya əlaqələrinin son illər inkişaf etdiyini qeyd edən S. Əbiyev iki ölkə arasında imzalanmış hərbi sazişin bu sahədə də əməkdaşlığın tərəqqisinə geniş imkanlar yaratdığını vurğulayıb. O, görüş zamanı sloveniyalı həmkarına bölgədəki gərgin hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin bu günədək sülh yolu ilə həll edilməməsinin səbəbləri barədə məlumat verib. Öz növbəsində Sloveniyanın müdafiə naziri Roman Yakiç də bu münaqişəni yaradan amillər və problemin həllinə maneəçilik törədən yanaşmalardan xəbərdar olduğunu bildirib.
Görüş zamanı nazirlər hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini və digər zəruri əlaqələrin inkişafını önə çəkiblər.
Sloveniyanın müdafiə naziri gələn il hər iki ölkənin ortaq qəhrəmanı əfsanəvi Mixaylonun-Mehdi Hüseynzadənin 95 illiyinin Sloveniyada təntənəli surətdə qeyd ediləcəyini bildirib. Roman Yakiç Azərbaycanın müdafiə nazirini həmin tədbirdə iştirak etməyə dəvət edib.
Görüşdə Azərbaycan Respublikasının Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov iştirak edib.