"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Aprel 2013 09:00

Azərbaycan Respublikasının müdafiə nazirinin Polşa Respublikasının prezidenti və milli müdafiə naziri ilə görüşü olub

Polşada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Polşa Respublikasının prezidenti Bronislav Komorovski ilə görüşü olub. Görüşdə nazir Səfər Əbiyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını Polşa Respublikasının prezidentinə çatdırıb.
Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini yaradan səbəblər barədə prezident Komorovskiyə ətraflı məlumat verib. Həmçinin nazir qeyd edib ki, 20 ilə yaxındır ki, işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan geri çəkilmək istəmir, indiyə qədər BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilməmiş qalır. Görüşdə Azərbaycan-Polşa əlaqələrinə dair geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Polşa Respublikasının milli müdafiə naziri Tomas Siemoniakla da əvvəlcə təkbətək, sonra geniş tərkibli görüşü olub.
Görüşdən öncə Azərbaycan Respublikasının müdafiə nazirinin təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səsləndirilib. Nazirlər Azərbaycan-Polşa münasibətləri, eləcə də hər iki ölkə arasında hərbi əlaqələrin inkişaf perspektivi barədə fikir mübadiləsi aparıblar. Görüşdə hərbi-texniki və hərbi-təhsil əlaqələrinə də toxunulub.
Həm Polşanın prezidenti, həm də milli müdafiə naziri Azərbaycan Respublikasının mühüm əhəmiyyət kəsb edən tərəfdaş ölkə hesab etdiklərini bildiriblər.
Görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Polşanın hərbi-texniki və modernləşmə sahəsi ilə məşğul olan "Bumar" korparasiyasında da görüşləri olub.
Eyni zamanda nazir Səfər Əbiyev Polşa Respublikasındakı naməlum əsgər abidəsinin önünə əklil qoyub.