Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri Xorvatiya Respublikasının müdafiə nazirini qəbul edib

Fevralın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçinlə görüşü olub.
Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevlə Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.
Geniş tərkibdə keçirilən görüş zamanı nazirlər ölkələrarası hərbi-texniki əməkdaşlığın yaradılması və inkişafı istiqamətində faydalı müzakirələr aparıblar. Nazir Səfər Əbiyev həmkarına regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədən səbəblər və bu günədək Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi barədə ətraflı məlumat verib. O bildirib ki, problem sülh şəraitində həll olunmadığı təqdirdə ordunun imkanlarından istifadə ediləcəyi qaçılmazdır.
Xorvatiyalı qonaq çıxışı zamanı Azərbaycanla hərbi əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıb.
Sonda nazirlər hərbi-texniki əməkdaşlıq haqqında analaşma memorandumunu imzalayıblar.
Görüşdə Azərbaycan Respublikasının Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev iştirak edib.