Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Qazaxıstan Respublikasının Müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Qazaxıstan Respublikasının Müdafiə naziri cənab Serik Axmetovu qəbul edib.
Cənab S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra cənab S.Axmetovun Müdafiə Nazirliyində qarşılanma mərəsimi keçirilib. Qazaxıstanın Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq Qazaxıstan Respublikasının Müdafiə naziri "Şərəf Kitabı"nı imzalayıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu, problemin beynəlxalq hüquq normalarına uyğun həllinə nail olunmasının vacibliyini bildirib.
Öz növbəsində qonaq dövlətlərimizin əlaqələrinin möhkəm dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını, Qazaxıstanla Azərbaycanın iqtisadi, siyasi, hərbi sahədə yaxın mövqedən çıxış etməsilə yanaşı, Xəzər dənizi məsələsində də vacib tərəfdaş olduqlarını qeyd edib.
Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Amangeldı Jumabayev də iştirak edib.