Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Oktyabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Litva Respublikasının Milli Müdafiə nazirini qəbul edib

Oktyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Milli Müdafiə naziri cənab Yuozas Olekası qəbul edib.
Y.Olekasın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində Y.Olekasın rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, Litvanın Milli Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.
Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Litva arasında hərbi əməkdaşlığın həm ikitərəfli, həm də NATO-nun müxtəlif proqramları çərçivəsində həyata keçirildiyini, bu əlaqələrin dostluq münasibətləri üzərində qurulduğunu və daim inkişaf etdirildiyini qeyd edib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri general-polkovnik Z.Həsənov Ermənistanın bölgədəki sabitliyə əsas təhlükə yaratdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Cənab Y.Olekas öz növbəsində dövlətlərimizin əlaqələrinin dostluq münasibətlərinə əsaslandığını, Litvanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu və əməkdaşlığın daha da intensiv inkişaf etdirilməsinin zəruriliyini xüsusi qeyd edib.
Sonra ölkələrimizin yerləşdiyi regionlarda təhlükəsizlik məsələləri, ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Litva Milli Müdafiə nazirinin Azərbaycana səfəri oktyabrın 10-dək davam edəcək.