Cənab generallar, zabitlər, kursantlar və əsgərlər!
Bu günlər ölkəmizin hər yerində, eləcə də Vətənimizdən çox-çox uzaqlarda xalqımızın Ümummilli lideri, Silahlı Qüvvələrimizin əbədiyaşar Ali Baş Komandanı, unudulmaz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü böyük təntənə ilə qeyd edilir. Dünya miqyasında tanınmış Ulu öndər Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, həm də dünya azərbaycanlılarının, türk dünyasının hörmət və ehtiramla xatırladığı dahi şəxsiyyətdir. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çox gözəl bir kəlamı var: «Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxslərin xatirəsinə həmişə hörmətlə yanaşmalıyıq, onları həmişə ehtiramla yad etməliyik». Bu mənada Azərbaycan tarixində böyük hörmət və ehtiramla yad etdiyimiz şəxsiyyətlərdən ən görkəmlisi məhz Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir.
Bütün mənalı həyatını canından artıq sevdiyi doğma Vətəninin inkişafına, xoşbəxt gələcəyinə, Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə həsr etmiş Ulu öndərimiz Heydər Əliyev zəmanəmizin ən görkəmli siyasətçisi və dövlət xadimi, həm də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi tarixə düşmüş dahi şəxsiyyyət, əvəzolunmaz liderdir.
Ulu öndər Heydər Əliyevin Vətən, xalq qarşısında ən böyük xidməti müstəqil Azərbaycanımızı parçalanmaq, məhv olmaq təhlükəsindən qurtarması, neçə-neçə qurbanların hesabına qazandığımız müstəqilliyimizi əbədi, sarsılmaz və dönməz etməsidir. Məhz bu dahi şəxsiyyətin, dünyanın ən böyük Azərbaycanlısı olan Heydər Əliyevin fövqəlbəşər fəaliyyəti nəticəsində doğma Azərbaycanımız suveren dövlət kimi inkişaf etmiş, möhkəmlənmiş və dünya birliyində layiqli yerini tutmuşdur. Heç də təsadüfi deyildir ki, xalqımız dahi oğlunu müasir müstəqil dövlətimizin qurucusu və möhtərəm Prezidentmiz cənab İlham Əliyevin rəhbərliyi altında bu gün də tərəqqi və inkişaf yollarında inamla addımlayan Azərbaycanımızı isə onun şah əsəri adlandırır.
Ümummilli lider Heydər Əliyev əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış elə bir siyasətçi, dövlət xadimi olub ki, onun adı və əməlləri nə qədər ki, yenilməz Azərbaycanımız dünya xəritəsindədir, o da dünya durduqca yaşayacaqdır.
Azərbaycan xalqı üçüncü minilliyə məhz Heydər Əliyevin adı ilə qədəm qoymuşdur. Həqiqətən də Azərbaycanı müstəqil qurmağa doğru aparan yol, əslində, 1969-cu ildən -Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişindən sonra başlanır.
Həmin ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə ölkədə yeni quruculuq işləri başladı, xalq təsərrüfatının bütün sahələrində, ümumiyyətlə, siyasi, iqtisadi, sosial və mədəni sferalarda yeni bir sıçrayışın başlanğıcı qoyuldu. Bütün bunlar barədə danışmaq üçün günlər, aylar, illər də kifayət etməz. Mən yalnız onu demək istəyirəm ki, bugünkü qüdrətli Silahlı Qüvvələrimizin, mütəşəkkil Azərbaycan Ordusunun da əsası məhz həmin illərdə qoyulmuşdur. Aprelin 19-da ilk buraxılışının 40-cı ildönümünü böyük təntənə ilə qeyd etdiyimiz indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey də Ulu Öndərimizin xalqımıza bəxş etdiyi möhtəşəm abidədir.
Vətənin ağır günlərində Ulu Öndərimizin Vətənə gəlməsi, Naxçıvandakı fəaliyyəti və nəhayət, xalqın təkidli tələbi ilə yenidən Azərbaycan hakimiyyətinə qayıdışı da hər birimizə məlumdur.
Gəlin etiraf edək ki, əgər 1993-cü ildə Ulu öndər Heydər Əliyev yenidən Azərbaycan hakimiyyətinə gəlməsəydi, onda ölkə parçalanacaq, vətəndaş müharibəsi xalqı qarşı-qarşıya qoyacaq, dövlət çevrilişi cəhdləri baş tutacaq, yeni yaranmaqda olan Milli Ordumuz isə bir qrup adamın əlində şəxsi maraqlara xidmət edəcək silahlı qurumlara çevriləcəkdi.
Bu gün Heydər Əliyevin ideyaları yaşayır, onun qurucusu olduğu müasir müstəqil Azərbaycan Respublikası yaşayır və doğma Vətənimiz Ulu öndərin böyük ümidlər bəslədiyi, özü qədər inandığı möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tərəqqi yollarındadır. Siyasi və iqtisadi-sosial həyatın bütün sahələri davamlı, sürətli inkişaf dövrünü yaşayır. Ali Baş Komandadnımızın qeyd etidiyi kimi, bizim iqtisadi inkişafımız dünya miqyasında ən sürətlidir. Təkcə son on ilin yekunlarına baxmaq kifayətdir. Azərbaycanda yaşanan inkişaf dünyada çox nadir hallarda müşahidə edilir. Bu inkişafı hər gün görən və müşahidə edən Azərbaycan vətəndaşları bundan qürur duyur və gündən-günə yeniləşən belə bir ölkənin vətəndaşı olmaqları ilə fəxr edirlər.
Cənab generallar, zabitlər, kursantlar və əsgərlər!
Dövlət müstəqilliyimizin qarantı olan Silahlı Qüvvələrimiz son illərdə daha da möhkəmlənmiş, regionun ən güclü Ordusuna çevrilmiş və istənilən təcavüzün qarşısını almağa, hücum tapşırıqlarını yerinə yetirməyə qadirdir. Ali Baş Komandanımızın Prezident kimi fəaliyyətində ordu quruculuğu əsas prioritetdir.
Şəxsi heyətdə böyük ruh yüksəkliyi vardır. Ordumuz ən müasir hərbi texnika, silah-sursatla təmin edilib, maddi-texniki baza daha da möhkəmlənir, güclənir. Dünya ordularının ən qabaqcıl təcrübələrindən bəhrələnən şəxsi heyətin peşəkarlığı yüksəlir.
Mən ölkə rəhbərliyini və xalqımızı bu əlamətdar gündə bir daha əmin edirəm ki, Azərbaycan Silahlı Qüvvəlirinin şəxsi heyəti Ulu öndər Heydər Əliyevin ideyalarına bundan sonra da sadiq qalaraq Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqdır.
Diqqətinizə görə sağ olun!