Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ramazan Bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbriki

Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi Ramazan bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
Xalqımızın milli-mənəvi dəyərlərini daima yüksək tutan Ümummilli Lider Heydər Əliyev milli və dini adət-ənənələrimizin qorunub saxlanılmasına layiqli töhfələr vermişdir. Məhz Ulu Öndərimizin hakimiyyəti dövründə ölkəmizdə sağlam dövlət-din və dinlərarası münasibətlər qurulmuşdur. Bu gün Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsi, ölkəmizin dünyanın multikulturalizm mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin bəhrəsidir. Bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, nəsildən-nəslə ötürülərək bu günümüzə qədər yaşadılan Ramazan bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Respublikamız dünya dövlətləri arasında dini tolerantlıq nümunəsi kimi tanınıb. Bu gün ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb, dövlətimizin müdafiə qüdrəti artıb, müstəqilliyimiz daha da möhkəmlənib.
İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram.

Azərbaycan Respublikasının Müdafiə naziri
general-polkovnik Zakir HƏSƏNOV