Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyul 2013 09:00

AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ GENERAL-POLKOVNİK S.ƏBİYEVİN HƏRBÇİLƏRİN FUTBOL ÜZRƏ 1-Cİ DÜNYA KUBOKU YARIŞLARININ BAĞLANIŞ MƏRASİMİNDƏKİ ÇIXIŞI

Hörmətli yarış iştirakçıları!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!

İdman tarixində ilk dəfə keçirilən Hərbçilər arasında futbol üzrə dünya kuboku yarışları başa çatdı.
Bu münasibətlə Beynəlxalq Hərbi İdman Şurasının Bakıda səfərdə olan nümayəndələrini, kubok yarışlarının təşkilatçılarını, hakimləri, futbolçuları, komandaları və onların texniki heyətlərini, oyunları izləyən bütün tamaşaçıları ürəkdən təbrik edirəm.
Məmnunluq hissilə qeyd edirəm ki, beynəlxalq idman yarışlarının keçirilməsində böyük təşkilatçılıq təcrübəsi olan Azərbaycan, futbol üzrə dünya kubokuna da yüksək səviyyədə ev sahibliyi etmişdir.
Əminəm ki, əvvəllər olduğu kimi, bu dəfə də Beynəlxalq Hərbi İdman Şurası kubok yarışlarının hazırlıq dövründə və gedişində Azərbaycanda qazanılan təcrübədən gələcək fəaliyyətində istifadə edəcəkdir.
Mən həmişə olduğu kimi, bu kubok yarışlarının da uğurla keçirilməsinə, bütövlükdə Azərbaycanın ordu idmanına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Silahlı Qüvvələrimizin şəxsi heyəti, yarışın Təşkilat Komitəsi adından və şəxsən öz adımdan minnətdarlığımı bildirirəm.
Eyni zamanda ilk dünya futbol kuboku yarışlarının keçirilməsi üçün Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini seçdiyinə görə, Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyinə təşəkkür edirəm.
Yarışların uğurla keçirilməsində köməyini əsirgəməyən Gənclər və İdman nazirliyinin, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Kubok yarışlarında qızıl, gümüş və bürünc medallar qazanmış komandaları xüsusilə təbrik edirəm. Digər komandalara da gələcək turnirlərdə qələbələr arzulayıram.
Kubok uğrunda yarışlarda ən əhəmiyyətli məsələ qalib gəlmək olsa da, turnirdə iştirak etmək, dünya hərbçiləri arasında yeni dostluq münasibətləri yaratmaq da vacib məsələdir. Biz də buna nail olduq. Mən bu münasibətlə bütün komandaları bir daha ürəkdən alqışlayıram.
Kubokun Təşkilat Komitəsinin sədri kimi oyunların gedişində yüksək ədalət və prinsipiallıq nümayiş etdirən hakimləri yarışın uğurla başa çatması münasibətilə təbrik edir və onlara təşəkkürümü bildirirəm.
İşğalçı Ermənistanla müharibə şəraitində olan Azərbaycanın ordu idmançıları bu yarışlarda yüksək nailiyyət əldə etməklə, Silahlı Qüvvələrimizin şəxsi heyətinin mənəvi-psixoloji durumunun və qələbə ruhunun yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdilər.
Mən Azərbaycan Respublikasının Müdafiə naziri və Kubokun Təşkilat Komitəsinin sədri olaraq, yüksək vətənpərvərlik nümunəsi göstərdiklərinə görə onlara öz minnətdarlığımı bildirir və təşəkkür elan edirəm.

Hörmətli idmançılar!
Əziz qonaqlar!

Siz bu günlər ərzində Azərbaycan xalqının adət-ənənələri, qonaqpərvərliyi, Vətənimizin qədim tarixi abidələri, görməli yerləri və son illərdə əldə etdiyi uğurlarla tanış oldunuz.
İnanıram ki, gözəl Bakı şəhərindən xoş xatirələrlə ayrılacaq və paytaxtımız ilə görüşməyi bir daha arzulayacaqsınız. Biz sizi qəbul etməyə həmişə hazırıq.
Sizin hamınıza «yaxşı yol», - deyir, hər birinizə gələcək yarışlarda və həyat fəaliyyətinizdə yeni qələbələr arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.
Bununla da Hərbçilərin futbol üzrə birinci dünya kuboku yarışlarını bağlı elan edirəm!