Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2019 16:32

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Azərbaycan Respublikası Prezidentinin rəsmi hərbi simvoludur.
2. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı 3 növdə hazırlanır:
2.1. etalon (bayrağın orijinalı) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident Sarayında yerləşən xidməti otağında saxlanılır;
2.2. dublikat (bayrağın surəti) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi iştirak etdiyi rəsmi tədbirlərin və digər mərasimlərin keçirilməsi zamanı və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin struktur qurumlarına gəldikdə həmin tədbirin keçirildiyi binanın üzərində, olduğu gəmidə və ya həmin tədbir üçün nəzərdə tutulan salonda (otaqda) qaldırılır (asılır) və ya yerləşdirilir;
2.3. kiçildilmiş ölçülü dublikat (nəqliyyat üçün) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi səfərləri zamanı nəqliyyat vasitəsində quraşdırıla bilər.
3. Ölçülərindən asılı olmayaraq, bayrağın bütün dublikatları onun etalonunun (orijinalının) təsviri, rəng çalarları və ölçüləri nisbəti ilə eyni olmalıdır.
4. Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Dövlət Bayrağından sağda yerləşdirilir.