Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Yanvar 2020 12:41

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2020/2021-ci tədris ili üçün kursant qəbulu qaydaları - VİDEO

I.ÜMUMİ MÜDDƏALAR:
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 2 il
Yaş həddi: 15 sentyabr 2020-ci ilə qədər 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan, qəbul ilində ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
II. SƏNƏDLƏRİN QƏBULU:
Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 20 aprel 2020-ci il tarixdən 20 may 2020-ci il tarixədək ərizə ilə Lisey rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– oxuduğu sinfin 1-ci yarımilinin qiymət cədvəli;
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– sinif rəhbəri tərəfindən yazılmış və məktəb direktoru tərəfindən təsdiq edilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– 6 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə ;
– valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
– burunətrafı boşluqların rentgenoqrafiyası;
– sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– nəcisdə helmintlərin yumurtalarının müayinəsinə dair tibbi sənəd;
– dizenteriya qrupuna dair müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
– xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatında olub-olmaması barədə məlumatlar, ambulator xəstənin tibbi kartı (olunmuş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibbi kartından çıxarışlar (forma № 27/U), rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibb kartası – forma № 26/U).
Ümumi orta təhsil haqqında attestat, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin əsli namizəd tərəfindən komissiyaya gələrkən şəxsən təqdim edilir.
III. HƏRBİ LİSEYLƏRƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:
Namizədlər müraciət etdikləri hərbi liseydə yaradılmış komissiyada hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçən namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə hərbi liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq etdirirlər. Namizədlər qəbul imtahanlarının başlama tarixinə 3-5 gün qalmış hərbi liseyin Sənəd Qəbulu Komissiyasından imtahana buraxılış vərəqəsi alırlar. Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə illik qiymət “3” dən aşağı olan namizədlərə buraxılış vərəqəsi verilmir.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
– Azərbaycan dili;
– riyaziyyat;
– fizika;
– kimya.

Namizədlər hərbi liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul edilirlər.
Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində və bütün təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət alırlar.
Sənədlər C.Naxçıvanski adına Hərbi Liseydə qəbul olunur (ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Zığ-1 hərbi şəhərcik. Əlaqə telefonu: 479-80-24).
Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslərin sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).
Elektron ərizələrin doldurulma, imtahana buraxılış vərəqəsinin verilmə, imtahanların başlama tarixləri barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində elan olunur.