Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2014 09:00

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRİNİN XÜSUSİ TƏYİNATLI TƏHSİL MÜƏSSİSƏLƏRİ MƏZUNLARININ BURAXILIŞINA HƏSR EDİLMİŞ TƏNTƏNƏLİ MƏRASİMDƏKİ ÇIXIŞI

Cənab generallar və zabitlər!
Məzunlar və kursantlar!
Hörmətli müharibə veteranları, valideynlər və qonaqlar!
Sizi - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim-Tədris Mərkəzi və Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi məzunlarının növbəti buraxılış mərasimində ürəkdən təbrik edir, hər birinizə cansağlığı və ailə xoşbəxtliyi arzulayıram.
İştirak etdiyimiz bu təntənəli buraxılış mərasimi əlamətdar bir hadisədir, xalqımız, o cümlədən Silahlı Qüvvələrin şəxsi heyəti tərəfindən iftixar hissi ilə qeyd edilir.
Yeri gəlmişkən bildirirəm ki, bu ilin mart ayında Azərbaycan Ali Hərbi Məktəbinə Ulu Öndər Heydər Əliyevin adının verilməsinin 10 ili tamam olmuşdur.
Bu gün biz bu tarixi həqiqəti bir daha etiraf etməliyik ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunun və eyni zamanda hərbi təhsil müəssisələrinin yenidən yaradılmasının başlanğıcı olmuşdur.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycan xalqına və dövlətinə xidmət etməkdən ibarətdir.
Bir qədər əvvəl qeyd etdiyim kimi Heydər Əliyev Azərbaycanda müasir hərbi təhsil sistemi yaradılmasının banisidir və Ulu Öndərimizin adının Azərbaycan Ali Hərbi Məktəbinə verilməsi heç də təsadüfi deyildir. 
Bu gün də Ordu quruculuğu dövlətimizin və onun rəhbərliyinin   diqqət mərkəzindədir. Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Buna görə mən Müdafiə Nazirliyinin bütün şəxsi heyəti adından və öz adımdan Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. 
Mən bu təntənəli buraxılış mərasimində Silahlı Qüvvələrimizin təhsil sistemində fəaliyyət göstərən şəxsləri, o cümlədən bu gün «leytenant» rütbəsində Silahlı Qüvvələrimizin sıralarına zabit kimi daxil olan məzunların valideynlərini ürəkdən təbrik edirəm və övladlarının ilk növbədə onlara və Vətənə layiq olmalarını arzulayıram.
Əziz gənc zabitlər!
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Silahlı Qüvvələrimizin hansı vəziyyətdə olmasından çox asılıdır. Bunun üçün Siz Silahlı Qüvvələrin sıralarına gənc zabitlər kimi daxil olmaqla Ordumuza yeni nəfəs, yeni ruh və döyüş əzmi gətirməlisiniz.
Düşmən hiss etməlidir ki, Siz hər sahədə, həmişə ondan üstünsünüz, Vətənə sədaqətiniz, Ana torpağa, ailəyə bağlılığınız, xalqımıza və dövlətimizə məhəbbətiniz hədsizdir.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəkdir” devizi bizim fəaliyyət proqramımızdır. Düşmən müvəqqəti uğurların eyforiyası ilə yaşamamalı, bugünkü reallıqla, bölgədəki güc-qüvvə balansı ilə hesablaşmalıdır.
Atəşkəs rejiminin imzalanmasından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, hər gün cəbhədə atəş səsləri eşidilir, postlarımız, səngərlərimiz, yaşayış məntəqələrimiz, mülki əhalimiz atəşə tutulur. Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupları postlarımıza hücum etmyə cəhd göstərir. Ancaq Silahlı Qüvvələrimizin bölmələri onları qabaqcadan aşkarlayır, neytrallaşdırır və düşmən hər dəfə böyük itki verərək geri çəkilir.
Hörmətli mərasim iştirakçıları!
Mən gənc zabitlərin hazırlanmasında böyük əmək sərf etmiş müəllim-professor heyətini təbrik edirəm. Onlara çəkdikləri qayğıya və zəhmətə görə təşəkkür edirəm.  
Əziz valideynlər indi də üzümü sizə tuturam. Bu gün arzularınız çin olmuşdur. Çəkdiyiniz ata-ana zəhmətiniz hədər getməmişdir. Övladlarınız peşələrin ən müqəddəsi hesab edilən zabit peşəsinə yiyələnmiş və Silahlı Qüvvələrimizdə zabit kimi xidmətə başlayırlar. Qoy övladlarınız xoşbət olsunlar. Biz hamımız işğal altında olan torpaqlarımızı qaytardığımız və ərazi bütövlüyümüzü bərpa etdiyimiz günü bir yerdə bayram edək.
Əziz məzunlar!
Mən çıxışımı sizə müraciətlə bitirmək istəyirəm. Sizin hər biriniz xalqımıza və dövlətimizə şərəf və vicdan qanunu ilə, nizamnamələrin tələblərini yüksək səviyyədə yerinə yetirməklə xidmət etməlisiniz.
Unutmayın ki, xalqımız sizin hər birinizdən şəxsi fədakarlıq, mətanət, mərdlik və qəhrəmanlıq nümunəsi gözləyir.
Azərbaycan Silahlı Qüvvələrinin xalqımız və dövlətimiz qarşısında müqəddəs bir borcu vardır: biz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızı azad etməliyik və mütləq azad edəcəyik. Sizə Vətənə müqəddəs xidmətinizdə uğurlar arzulayıram.
Sağ olun.