Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
Ümummilli lider Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində dövlətimizin iqtisadi dayaqları formalaşdırılmış, xalqımızın milli mənlik şüurunun formalaşmasına nail olunmuş və dünya azərbaycanlılarının həmrəyliyi təmin edilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadi, elmi tərəqqi sahəsində böyük nailiyyətlər qazanan müstəqil Azərbaycan Respublikasında vətəndaşların maddi rifahı yaxşılaşdırılmış, dövlətçiliyimiz möhkəmləndirilmiş, ölkəmiz dünyada söz və nüfuz sahibi kimi tanınmışdır.
İnanıram ki, bundan sonra da xidməti borcunuzu layiqincə yerinə yetirəcək, hərbi ixtisas biliklərinə dərindən yiyələnəcək, döyüş hazırlığının və mənəvi ruhun yüksəldilməsində səylərinizi daha da artıracaq, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə hər an döyüşə hazır olacaqsınız.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, çətin və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.
General-polkovnik
Zakir HƏSƏNOV
Azərbaycan Respublikasının
Müdafiə naziri