Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyun 2014 09:00

Azərbaycan Respublikası Müdafiə nazirinin Brüsselə səfəri sona çatıb

İyunun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib.
Görüşdə ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizlik məsuliyyətinin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə verilməsi istiqamətində irəliləyişlər, Əfqanıstanda prezident seçkiləri və cari siyasi durum, NATO-nun bu ölkədəki 2014-cü ildən sonrakı yeni missiyası, onun başlaması üçün lazım olan hüquqi çərçivənin son vəziyyəti, ABŞ-ın Qətiyyətli Dəstək missiyasına bu yaxınlarda bəyan etdiyi qüvvə sayının bu əməliyyatın planlamasına müsbət təsir göstərməsi məsələləri müzakirə olunub.
NATO Baş Qərargahına səfəri çərçivəsində general-polkovnik Z.Həsənov ABŞ-ın Müdafiə katibi Çak Heygel ilə ikitərəfli, Türkiyə və Gürcüstan həmkarları ilə isə üçtərəfli formatda görüşlər keçirib.
İyunun 4-də axşam Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Vətənə dönüb.