Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2014 09:00

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasının açılış mərasimində çıxışı

Hörmətli cənab sədr!
Hörmətli iclas iştirakçıları!
Xanımlar və cənablar!
Əvvəlcə icazə verin Sizi Azərbaycan torpağında salamlayım.
Bu gün MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Bakıda növbəti iclasını keçirir. Mən əminəm ki, bu görüş bizim hərbi təşkilatlarımız arasında hərbi əməkdaşlıq işinə müəyyən töhfə verəcəkdir.

Hörmətli həmkarlarım!
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ötən 23 il ərzində mürəkkəb inkişaf yolu keçmişdir. Xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin dövlət başçısı vəzifəsinə qayıtması ölkəmizdə sabitlik və bütün sahələrdə inkişaf üçün geniş imkanlar yaratmışdır.
Bu gün də prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kurs Azərbaycan xalqının rifahının yaxşılaşmasına yönəlib. Respublikanın dünya strukturlarına inteqrasiyası və aparılan xarici siyasət çox dinamik, uğurlu və fəaldır. Azərbaycan haqlı olaraq beynəlxalq təşkilatlarda çox vacib yer tutur və onun mövqeləri gündən-günə möhkəmlənir.
Azərbaycanda aparılan islahatlar yüksək sürətlə həyata keçirilir və bu gün də Azərbaycan iqtisadi inkişaf tempinə görə nəinki keçmiş sovet respublikaları sırasında, hətta dünya ölkələri arasında seçilir. Azərbaycanın iqtisadi sahədə sabit və dayanıqlı inkişafı təmin edilir və ölkəmiz ildən-ilə möhkəmlənir. İqtisadi göstəricilərin artması nəticəsində cəmiyyətin bütün sahələrinin paralel inkişafı ilə yanaşı təbii ki, Silahlı Qüvvələrimiz də möhkəmlənir. Azərbaycanın hərbi büdcəsi hər il artır və bu göstərici davam etməkdədir. Əgər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olmasaydı bizim xalqımız daha da böyük nəticələr əldə edə bilərdi. Ermənistan tərəfindən Azərbaycanın 20%-dən çox ərazisinin işğal edilməsi və işğalçının xalqımıza qarşı yeritdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq vətəndaşımız qədim yurd yerlərini tərk etmək məcburiyyətində qalıblar. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və hesab edirik ki, bunun üçün hələ də imkanlar mövcuddur. Amma eyni zamanda, Azərbaycan xalqının da səbri tükənməz deyil. Biz hesab edirik ki, bu məsələ beynəlxalq hüquqda təsbit edildiyi kimi ərazi bütövlüyü, sərhədlərin pozulmaması və ölkələrin siyasi müstəqilliyi prinsipləri əsasında öz həllini tapmalıdır. Ermənistanının işğalçı qüvvələri Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə tabe olmalı və Azərbaycan ərazilərini tərk etməlidir. Beynəlxalq hüquq hamı üçün eyni olmalıdır. Heç kim istisna hüquqa malik olmamalı və heç kimə münasibətdə istisna yanaşma tətbiq edilməməlidir.
Ermənistandan başqa dünyanın bütün dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Azərbaycan beynəlxalq hüququn icrasının yerinə yetirilməsini tələb edir. Ancaq beynəlxalq təşkilatların, o cümlədən, MDB-nin qətiyyətsizliyi təcavüzkara cəzasız olaraq uzun müddət işğalı davam etməyə şərait yaradıb.
Bu gün Ermənistanın yürütdüyü siyasət onu regiondakı bütün iqtisadi layihələrdən təcrid edib. Ermənistan nəyi itirdiyini və nəyi qazandığını təhlil etməli, əvvəlki və bugünkü reallıqları dərindən dərk etməli və  bilməlidir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaqdır.
Bir daha bəyan etmək istəyirəm ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün beynəlxalq hüquq tərəfindən ona verilən bütün hüquqlardan istifadə edəcəkdir.

Hörmətli həmkarlar!
Azərbaycan müəyyən edilmiş mexanizmlər çərçivəsində beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı davam etdirir, o cümlədən, MDB çərçivəsində fəaliyyətinə mühüm əhəmiyyət verir.
Azərbaycan Respublikası hesab edir ki, təhlükəsizlik, o cümlədən, müdafiə sahəsində əməkdaşlıq, beynəlxalq təhlükəsizliyin və sabitliyin qorunması və möhkəmləndirilməsi, yeni təhlükə və çağırışlarla mübarizə həm də silahlı münaqişələrin əsas səbəbi olan separatçılığa qarşı mübarizədə əlavə tədbirlərin həyata keçirilməsi ilə tamamlanmalıdır.  
Qarşılıqlı maraqların qorunmasına, suverenlik, müstəqillik və ölkələrimizin ərazi bütövlüyü prinsiplərinə əsasalanan əlaqələrin qurulması və məsələlərin müzakirəsi bir çox problemlərin həllinə imkan yarada bilər.
Hesab edirəm ki, MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin bu istiqamətdə imkanları böyükdür.

Hörmətli dostlar və qonaqlar!
İcazə verin Sizi qonaqpərvər respublikamızın gözəl paytaxtı Bakı şəhərində bir daha salamlayım və Sizə gələcək fəaliyyətinizdə məhsuldar iş arzulayım. Ümüd edirəm ki, həmişə isti və bahar təravətli şəhərimiz haqqında Sizin yaddaşınızda gözəl və xoş xatirələr qalacaqdır.
Diqqətinizə görə Sizə minnətdaram.