Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 2014 09:00

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

Fevralın 17-də Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiya Müdafiə Nazirliyində Müdafiə naziri cənab Neboyşa Rodiç tərəfindən qarşılanma mərasimi keçirilib.
Genişləndirilmiş tərkibdə baş tutan görüşdən sonra Müdafiə nazirləri "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"i imzalayıblar.
İmzalanma mərasimindən sonra hər iki nazir Azərbaycanla Serbiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnun qaldıqlarını ifadə ediblər.
Serbiyanın Müdafiə naziri cənab Neboyşa Rodiç imzalanmış sənədin gələcək əməkdaşlığın intensivləşdirilməsidə hüquqi baza olduğunu bildirib və onun hərbi-iqtisadi, hərbi təhsil, hərbi-tibbi sahədə strateji istiqamətlər üzrə nailiyyətlərin əldə olunmasına imkan yaradacağını bəyan edib.
Cənab Neboyşa Rodiç Serbiyanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində Azərbaycanın göstərdiyi prinsipiallığa görə Azərbaycanın Müdafiə nazirinə minnətdarlığını bildirib.
İki ölkə arasında hərbi əməkdaşlıq məsələsinə toxunan general-polkovnik Zakir Həsənov imzalanan sənədin əhəmiyyətini və vacibliyini qeyd edib.
Ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə danışan Müdafiə naziri dövlətlərimizin separatçılaqla üz-üzə qaldığını xüsusi vurğulayıb. "Biz Serbiya Respublikasının suverenliyini və ərazi bütövlüyünü tanıyır, siz isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemində bizi dəstəkləyirsiniz. Bizim əməkdaşlığımız bundan sonra da davamlı olacaq və gələcəkdə də bir çox istiqamətlərdə inkişaf edəcəkdir" – deyə general-polkovnik Zakir Həsənov qeyd etmişdir.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri Serbiyanın Baş nazirinin birinci müavini Aleksandar Vuçiç ilə görüşmüş, Serbiyanın Müdafiə Universitetində olmuşdur.
Müdafiə naziri Belqrad şəhərində Azərbaycan hökumətinin dəstəyi ilə təmir olunmuş "Taşmaydan parkı"na gələrək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, Serbiya xalqının görkəmli yazıçısı Milorad Paviçin, eləcədə 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoymuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiya Respublikasına səfəri fevralın 18-də başa çatacaqdır.