Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2016 09:00

Azərbaycan Prezidentinin Ermənistan prezidentinə sərt və tutarlı cavabı Silahlı Qüvvələrin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradıb

Müdafiə nazirinin tapşırığına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidentinə cavabı ilə əlaqədar "dəyirmi masa" keçirilib.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbiri giriş sözü ilə açaraq birlik, birləşmə, hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən siyasi məlumatlandırma saatlarında, ictimai-siyasi hazırlıq dərslərində şəxsi heyətin Ali Baş Komandanımızın bu cavabını Ermənistan hərbi-siyasi xuntasına vurulan növbəti zərbə kimi dəyərləndirdiyini qeyd edib.
"Dəyirmi masa" iştirakçıları bildiriblər ki, Bişkek şəhərində keçirilən iclasda Ermənistan prezidenti Serj Sarkisyanın bu ilin aprel ayında guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozduğunu iddia edən qərəzli və təxribat xarakterli çıxışına Azərbaycan Respublikası Prezidentinin tutarlı və sərt cavabı bütün xalqımız kimi Silahlı Qüvvələrin şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub.
Qeyd olunub ki, erməni tərəfinin bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirməsinə baxmayaraq, Qarabağ məsələsində beynəlxalq qanunlar Azərbaycanın xeyirinə işləyir, regionda hərbi qüvvələr balansı ölkəmizin tərəfindədir və Silahlı Qüvvələrin şəxsi heyəti bundan sonra da Ali Baş Komandanımızın əmrlərinə hər an hazırdır.
Müzakirələrdə Müdafiə Nazirliyinin əməkdaşları, qoşun növləri və qisimlərinin, Bakı Qarnizonu hərbi hissələri və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.