Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyun 2018 18:35

Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində ordumuzun yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanda Ordu quruculuğu və hərb elmi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsini qeyd edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin Cümhuriyyət ordusu ilə başlanan hərb tariximizi, ordu quruculuğu təcrübəsini yeni bir səviyyəyə qaldırdığını, müasir, müstəqil ordumuzun əsasını qoyduğunu və Azərbaycanın müstəqilliyini qorumağa qadir olan bir ordunun memarına çevrildiyini xüsusi vurğulayıb.
Bildirilib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer tutmaqdadır və bu nailiyyətin əldə edilməsi ordu quruculuğuna Ali Baş Komandan cənab İlham Əliyevin gündəlik diqqətinin və qayğısının nəticəsidir.
Azərbaycan Respublikası Prezident yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev və tarix elmləri doktoru, dosent Mehman Süleymanov qeyd ediblər ki, Cümhuriyyət dövründə yaranan ordu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xalqın və dövlətin ona bağladığı ümidləri doğrulda bilib.
Daha sonra Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr edilmiş kitablar tədbir iştirakçılarına təqdim edilib.