Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2021 13:58

Azərbaycan Ordusunun qəhrəman istehkamçılarının şərəfinə tədbir keçirilib

Xalqımızın ümummilli lideri Heydər Əliyev hərbi peşəni, xalqı, torpağı qorumaq peşəsini bütün peşələrdən xalq üçün, millət üçün, hər bir vətəndaş üçün, dövlət üçün ən vacib, ən dəyərli peşə kimi qiymətləndirər, hər bir əsgəri, hər bir döyüşçünü, hər bir zabiti Azərbaycan vətəndaşlarının hər birindən daha da yüksəkdə tutardı.
Hələ 28 iyul 2002-ci ildə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilən Məzun günündə Ulu Öndərimiz demişdir:
“Hərbi peşə insandan çox şey tələb edir. Həm fiziki hazırlıq, həm nizam-intizam, həm dövlətə, Vətənə, ölkəyə, doğma torpağa əsil sədaqət, həm də böyük cəfakeşlik, zəhmətsevərlik, mərdlik, qəhrəmanlıq, mətinlik...”.
Azərbaycan oğulları bütün bu keyfiyyətləri “Dəmir Yumruq” əməliyyatı ilə başlanan 44 günlük Vətən müharibəsində bir daha dünyaya nümayiş etdirdilər.
Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın və Ordumuzun Qələbəsi ilə başa çatdıqdan sonra ölkəmizdə hərbi peşələrə maraq daha da artıb. Gənclər peşə seçimində əvvəlki illərdən də daha çox xüsusi təyinatlı təhsil müəssisələrinə üz tutur, öz həyatlarını Vətənə xidmət peşəsinə həsr etmək üçün Cəmşid Naxçıvanski adına hərbi liseyi, Heydər Əliyev adına  hərbi liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini, eləcə də, respublikamızda və digər ölkələrdə fəaliyyət göstərən hərbi məktəbləri seçirlər. Lakin məğlub Ermənistanda gənclər nəinki hərbi peşələrə yaxın düşür, hətta xidmətdə olanlar belə ordunu tərk edir və hərbi xidmətdən yayınırlar.
Taleyini həmişəlik hərbi peşəyə bağlayan döyüşçülərimiz, həmçinin qismən səfərbərliklə xidmətə çağırılan vətəndaşlarımız bütün qoşun növlərində, birlik, birləşmə və hərbi hissələrin tərkibində respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi ərazilərimizin işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində düşmən üzərində Zəfər çalaraq fiziki güclərini, nizam-intizamlarını, dövlətə, Vətənə, ölkəyə, doğma torpağa əsil sədaqətlərini, cəfakeş, zəhmətkeş, mərd, qəhrəman və mətin olduqlarını fədakar xidmətləri ilə təsdiqləyiblər.
Müdafiə Nazirliyinin müxtəlif qoşunların hərbi hissələrinə ezam etdiyi bədii təşviqat qrupunun növbəti dayanacağı Mühəndis Qoşunlarının Horadizdən mədəniyyət paytaxtımız Şuşa şəhərinədək döyüş yolu keçən hərbi hissəsi olub. Müharibə başa çatsa da, bu hərbi hissənin şəxsi heyəti üçün müharibə hələ də bitməyib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətindən ibarət bədii təşviqat qrupu neçə aylardır ki, işğaldan azad edilən yaşayış məntəqələrinin minalardan, döyüş sursat və mərmilərindən təmizlənməsi məqsədilə xüsusi tapşırıqları uğurla yerinə yetirən istehkamçıları gərginlikdən xilas etmək, onları stresdən çıxarmaq, daha doğrusu, əhvali-ruhiyyələrini şad etmək üçün zəngin proqramla onların qarşısında çıxış edib.
Əvvəlcə hərbi hissədə şəhidlərin xatirəsinə ucaldılan abidə ziyarət olunub, şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Layihənin müəllifi, Vətən müharibəsinin iştirakçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Mühəndis Qoşunlarının Vətən müharibəsində müstəsna xidmətləri barədə ətraflı məlumat verib, hər bir əsgər və zabitin layiq olduğu dövlət mükafatı ilə təltif olunmasına ürəkdən sevindiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Mühəndis Qoşunlarının Komandanı Anar Kərimov “general mayor” ali hərbi rütbəsinə və “Zəfər” ordeninə layiq görülüb. Polkovnik Raqif İsrafilova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Polkovnik Ceyhun Cəfərov və polkovnik Ceyhun Bağırov “Qarabağ” ordeni, neçə-neçə istehkamçı isə digər döyüş orden-medalları ilə təltif olunublar. Bu, Mühəndis Qoşunlarının xidmətlərinə dövlət səviyyəsində verilən ən yüksək qiymətdir və istehkamçılar göstərilən bu böyük etimadı əməli fəaliyyətləri ilə doğruldurlar.
Təşviqat qrupunun təqdim etdiyi “Səninlə fəxr edirik, qalib Vətən əsgəri!” mövzusunda ədəbi-bədii-xoreoqrafik kompozisiyadan sonra polkovnik A.Qurbani çıxışına davam edərək nəzərə çatdırıb ki, Vətən müharibəsinin gərgin, od-alovlu günlərində istehkamçılar əsil şücaət, rəşadət nümunələri göstərərək döyüşən ordunun mühəndis təminatını yüksək səviyyədə təşkil edib, qoşunların bütün silah növlərindən, hərbi texnikalardan səmərəli və effektiv istifadə etməsi, düşmənin atəşlərindən etibarlı şəkildə qorunması, həmçinin düşmən qüvvələrinin hərəkətinin çətinləşdirilməsi, ona çoxlu itkilər verilməsi məqsədilə ən çətin iqlim və relyef şəraitində  maneələğvetmə və maneəqurma fəaliyyətlərini peşəkarcasına yerinə yetiriblər.
Tədbirdə diqqətə çatdırlıb ki, istehkamçılar düşmənin və döyüş gedən ərazilərin kəşfiyyatının aparılması üçün digər bölmələrə yardımçı olub, mövqelərin və idarəetmə məntəqələrinin açılma rayonlarının fortifikasiya hazırlığına dəstəklərini əsirgəməyib, mühəndis maneələri sisteminin qurulması və saxlanılması üçün dağıntılar törədib, düşmənin illərdən bəri basdırdıqları minaları məhv edərək zərərsizləşdirib, quru və su maneələrindən, dağıntılardan keçidlər açıb, qoşunlarımızın hərəkəti, təxliyəsi, əngəlləri dəf etməsi, maskalanması üçün böyük risk tələb edən tədbirlərin icrası zamanı xidməti vəzifələrinin öhdəsindən layiqincə gəliblər.
Vətən müharibəsində leytenant Rəhman Əjdərovun, baş çavuş Kamil Şıxmuradovun, kiçik çavuş Hikmət Babaşovun qəhrəmancasına şəhid olması və bir neçə döyüşçünün yaralanmasına baxmayaq, istehkamçılar heç də  ruhdan düşməyib, şəhid və yaralıların intiqamını artıqlaması ilə alaraq böyük Qələbəyə doğru inamla irəliləyiblər.
Mayor Mehman Məmmədov şəxsi heyət adından onların xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və böyük qürur hissi ilə vurğulayıb ki, bu gün qəhrəman istehkamçılarımız işğaldan azad edilən ərazilərimizin minalardan, partlamamış döyüş sursatı və mərmilərdən təmizlənməsi ilə yanaşı, tikinti-quruculuq işlərində, o cümlədən,  Zəfər yolunun çəkilişində də böyük həvəslə iştirak edirlər.
“İgidliyə görə”, “Cəbrayıl rayonunun azad olunmasına görə”, “Qubadlı rayonunun azad olunmasına görə”, “Xocavənd rayonunun azad olunmasına görə”, “Şuşa şəhərinin azad olunmasına görə” və “Laçın rayonunun azad olunmasına görə” medalları ilə təltif olunan gənc zabitlərdən Adəm Novruzlu, Kamran Məmmədov və əsgər Elşən Əhmədov istehkamçıların da Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını və Azərbaycan Ordusunun 103-cü ildönümünü döyüşdə, təlimlərdə, mənəvi-psixoloji hazırlıqda əldə etdikləri uğur və nailiyyətlərlə qarşıladıqlarını bildirib və Qalib Vətən əsgərinin şərəfinə bu cür ədəbi-bədii proqramların təşkilini yüksək qiymətləndiriblər.