Azərbaycan Ordusunda "Zəfər Günü" münasibətilə "Hər şəhid adına bir ağac əkək” devizi altında aksiya keçirilib.
Keçirilən tədbirlərdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirlərdə Azərbaycan Ordusunun şəxsi heyəti, şəhid ailələri, təhsil müəssisələrinin müəllim və şagirdləri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərib. Bu tarixi qələbə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun rəşadəti və cəsarəti, igidlərimizin qanı hesabına əldə olunub. Bu gün ulu əcdadlarımızdan bizə miras qalan torpaqlarımızın düşmən tapdağında qalması ilə barışmayan xalqımızın vətənpərvər, mərd, cəsur və qəhrəman övladlarının, Vətən uğrunda şəhid olan qardaşlarımızın qanı yerdə qalmayıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsinin uca tutulduğuna görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra şəhidlərin xatirəsinə ağaclar əkilib.
Tədbirlər Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin, həmçinin məktəblilərin ifasında qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən mahnı və şeirlərlə başa çatıb.