Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə respublikamızın qərb bölgəsində “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib.
UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun rəhbərliyi ilə professor-müəllim və tələbələrdən ibarət ilk aksiya qrupu hərbi libas geyinərək iki gün cəbhəboyu bölgədə, ön xətt mövqelərində olaraq qarşılarına qoyduqları xeyirxah və nəcib vətənpərvərlik missiyasını layiqincə yerinə yetiriblər.
Aksiya iştirakçıları birliyin komandanlığı tərəfindən səmimiyyətlə qarşılanıb. Əvvəlcə hərbi orkestrin ifa etdiyi milli marşların müşayiəti ilə xalqımızın ümummilli lideri, Silahlı Qüvvələrin əbədiyaşar Ali Baş Komandanı Heydər Əliyevin qərargahın qarşısında gül-çiçəyə qərq olmuş bağçadakı büstü ziyarət olunub, qarşısına qızılgüllər düzülüb.
Aksiya iştirakçıları hərbi hissədə Heydər Əliyev mərkəzi, eləcə də hərbi qulluqçular üçün yaradılmış yüksək xidmət, məişət şəraiti ilə, hərbi qulluqçuların problem və qayğıları ilə maraqlanıb, nizam-intizamın, şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasının bir daha şahidi olublar.
Əsgər klubunda Azərbaycan Ordusuna dəstək aksiyasının açılışına həsr olunmuş mərasimdə qrupu müşayiət edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində son illərdə qazanılmış uğur və nailiyyətlərdən geniş söhbət açıb, ulu öndər Heydər Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ordumuzun bütün xalqın övladı olduğunu və onun inkişafına müntəzəm qayğı və diqqət göstərməyin hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların, hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıb. Qeyd edilib ki, UNEC-in bu təşəbbüsü təqdirəlayiqdir və bütün ali məktəblərin, idarə və təşkilatların kollektivləri də bu aksiyaya qoşulmalıdırlar. Müharibə şəraitində yaşayan bir məmləkətin hər bir vətəndaşından barıt qoxusu gəlməli, bütün cəmiyyət vətənpərvərlik hissi ilə yaşamalı, “Hər şey Ordu üçün, hər şey Qələbə üçün!” şüarı ölkəni əhatə etməlidir.
General-mayor Xəqani Cəbrayılov qonaqları şəxsi heyət adından salamlayaraq bu aksiyanın hər bir döyüşçünün, həmçinin aksiya iştirakçılarının həyatında müsbət iz buraxacağını, işğal altında olan torpaqların tezliklə azad ediləcəyinə inamını və qələbə əzmini, döyüş ruhunu daha da artıracağına əminliyini bildirib. Ulu Öndərin müdrik kəlama çevrilmiş fikirlərini tədbir iştirakçılarına çatdıran general deyib ki, həqiqətən Ordu bizim doğma ordumuzdur. Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Ona görə də, biz bunu heç vaxt unutmur və orduya olan qayğını daim əsas vəzifələrimiz kimi dərk edirik. UNEC-in bu təşəbbüsü, Ordumuza mənəvi dəstək verməsi hər bir Vətən müdafiəçisini daha böyük zirvələr fəth etməyə ruhlandırır.
Rektor professor Ədalət Muradov UNEC-in iyirmi min nəfərlik böyük kollektivi adından şəxsi heyəti 28 May Respublika Günü və qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən salamlayıb, hər bir döyüşçüyə bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməyi, hərb tariximizə Aprel və Günnüt zəfərlərinin davamı olacaq yeni-yeni şanlı səhifələr yazmağı arzulayıb.
Professor torpaqlarımızın işğaldan azad edilməsi, Respublikamızın ərazi bütövlüyünün bərpa olunması uğrunda UNEC-in kollektivinin də müsəlləh əsgər kimi hər bir əmrə müntəzir olduğunu diqqətə çatdırıb.
Həzi Aslanov adına Azərbaycan Ordusu və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzlərinin yaradıcı qruplarının, UNEC-in bədii özfəaliyyət kollektivinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (vaxtilə bu ali məktəb Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu adlanırdı) 1973-cü il məzunu, Əməkdar artist Nizami Abdullayevin iştirakı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” adlı konsert proqramı təqdim edilib. “Biz gəlirik, Qarabağ” ədəbi-bədii kompozisiyası ilə Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının açılışına həsr olunmuş mərasim başa çatıb.
Həmin axşam aksiya iştirakçıları şəxsi heyətlə birlikdə şam yeməyində iştirak edib, rəmzi döyüş növbəsində dayanıb, əsgər yataqxanasında gecələyiblər.
Aksiyanın ikinci günü cəbhəyanı bölgədə, hərbi hissələrin dayaq məntəqələrində, ön xətt mövqelərində silsilə tədbirlər keçirilib. Döyüşçülərə UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti dərc olunmuş kitabçalar təqdim olunub. Rektor Ədalət Muradov, Fizika və kimya kafedrasının müdiri, professor Rövnəq Rzayev, UNEC Beynəlxalq İqtisadiyyat məktəbinin direktoru Aqil Əzizov, Ekspertiza və standartlaşdırma fakültəsinin dekan müavini, dosent Elçin Səmədov, İqtisadi araşdırmalar elmi-tədqiqat institutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Fərhad Mikayılov, rektorun köməkçisi, ehtiyatda olan baş leytenant, iki zabit qardaşı olan Şamil Əliyev, təhsildə və ictimai işlərdə fəallıq göstərən tələbələr əsgərlər qarşısında çıxış edib, səmimi söhbət aparıb, onları maraqlandıran sualları cavablandırıblar.
Hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə UNEC-in təsis etdiyi xüsusi mükafatlar, hədiyyələr təqdim olunub.
Sonra xüsusi təyinatlılar öz məharətlərini nümayiş etdirərək, aksiya iştirakçılarını təəccübləndiriblər.
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının ilk qrupunun rəhbəri professor Ədalət Muradov cəbhəboyu bölgədən ayrılarkən döyüşçülər qarşısında çıxışını Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi fikirlərlə tamamlayıb: “Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sirasındadır... Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmlənmişdir... Döyüş qabiliyyəti ən yüksək səviyyədədir... Ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox yüksəkdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib”.
UNEC-in təşəbbüsü ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası 26 iyun - Silahlı Qüvvələr Gününədək birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də universitetdə davam etdiriləcək.