Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2019 17:45

Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası iştirakçılarının bir qrupu hərbi hissədə olub - VİDEO

Azərbaycan Dövlət İqtisad Unveristetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası uğurla davam edir. Aksiya iştirakçılarının bir qrupu bu gün Müdafiə Nazirliyinin hərbi hissələrindən birində olub.
Hərbi hissənin komandanlığı tərəfindən qarşılanan professor, müəllim və tələbələr xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərə ehtiramlarını bildirib, abidə qarşısına güllər düzüblər.
Polkovnik İlqar Lətifov aksiya iştirakçılarına hərbi hissənin tarixi barədə ətraflı məlumat verib, Ulu Öndərin bu hərbi hissəyə səfərlərini, xeyir-duası ilə Vətən oğullarını buradan birbaşa cəbhəyə yola salmasını xatırladıb. Nəzərə çatdırılıb ki, hazırda Azərbaycan Ordusunda hərbi hissələrin 80 faizindən çoxu yenidən qurulub və ya əsaslı təmir edilib. Bu istiqamətdə işlər uğurla davam edir. Xidmət keçmək üçün hər bir şəraiti olan bu hərbi hissənin açılışını bildirən əlvan lent 2016-cı ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən kəsilmişdir. Geniş ərazini əhatə edən hərbi hissə möhkəm maddi-texniki və tədris bazasına malikdir. Burada bir çox dünya ordularının həsəd apara biləcəyi müasir hərbi xidmət şəraiti yaradılıb.
Nümayiş etdirilən video-çarxlar vasitəsilə ordu həyatı, arsenala daxil olan hərbi texnika və silahlar, eləcə də genişmiqyaslı əməliyyat-taktiki təlimləri ətraflı işıqlandırılıb. Əsgər yataqxanaları və yeməkxana, hərbi texnika, silah-sursat və digər avadanlıqlar təqdim olunan sərgi, eləcə də tibb məntəqəsində, idman meydançasında yaradılan şərait, geniş sıra meydanı aksiya iştirakçılarının böyük marağına səbəb olub.
Birinci olaraq UNEC-in Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına qoşulan Respublika Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bir daha bu təşəbbüsü alqışladığını və Azərbaycan əsgərinə daim diqqət və qayğı göstərməyin, ona mənəvi dəstək olmağın hər bir vətəndaşın, qeyri-hökumət təşkilatı üzvünün, dövlət qurumlarının müqəddəs borcu olduğunu qeyd edib.
İdeoloji otaqda keçirilən “Sən kimsən, Vətən əsgəri?” adlı disput və “Bu gün gərək hər anımız Vətən desin!” mövzusunda dəyirmi masada həm hərbi qulluqçular, həm də UNEC-in nümayəndələri işgüzar müzakirələr aparıblar. Aksiya iştirakçıları bir gün əvvəl ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttinin Ağdam rayonu istiqamətində törədilən qanlı təxribatı lənətləyib və düşmənin atəşkəs rejimini kobud pozması nəticəsində şəhid olan hərbi qulluqçu Aqil Omarovun əzizlərinə başsağlığı veriblər.
UNEC-in prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent, Qarabağ uğrunda döyüşlərin iştirakçısı, ehtiyatda olan zabit Mikayıl Zeynalov, vaxtilə bu hərbi hissənin əsgəri olmuş şəhid Qiyas Quliyevin qardaşı, iqtisad üzrə fəlsəfə doktoru İbrahim Quliyev, dekan müavini Elbrus Əkbərov, kafedra müdiri, fizika-kimya elmləri doktoru, professor Rövnəq Rzayev və Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizovun əsgərlərlə fərdi söhbəti və şəxsi heyət qarşısında çıxışları hərbi qulluqçuların qələbəyə inamını daha da artırıb. Onlar 20 min nəfərlik UNEC-çilər ordusunun da bütün xalqımız kimi Azərbaycan əsgərinə arxa-dayaq olduqlarını vurğulayıblar. Tələbələr ali məktəbi tezliklə başa vurub, hərbi and içərək ordu sıralarında xidmətə başlayacaqları günü səbirsizliklə gözlədiklərini deyiblər.
Əsgər klubuna toplaşan hərbi qulluqçu uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik olunub, hərbi hissəyə kitab dəsti hədiyyə edilib, aksiya iştirakçıları əsgərlərlə birlikdə nahar ediblər.
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının koordinatoru, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib ki, növbəti həftədə UNEC-in professor-müəllim və tələbələrindən ibarət yeni aksiya qruplarının Murovdağa, Lələtəpəyə, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinə səfərləri planlaşdırılıb.