Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2014 09:00

"Azərbaycan Ordusu" qəzetinin 22 yaşı tamam oldu

Bu gün Müdafiə Nazirliyinin orqanı "Azərbaycan Ordusu" qəzetinin 22 yaşı tamam olur.
Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi "Xalq Ordusu" adlanan qəzetin birinci nömrəsi 1992-ci ilin fevral ayının 11-də çap olunmağa başlayıb. Bu tarix Azərbaycanın hərbi jurnalistləri üçün yaddaqalan bir gündür və bunu dövlətimizin ordu quruculuğunun önəmli səhifələrdən biri hesab etmək olar.
İlk hərbi qəzetin ərsəyə gəlməsi, o zaman Azərbaycanın ictimai həyatında mühüm bir hadisəyə çevrilərək vətənpərvər insanların böyük marağına səbəb oldu. Ölkəmiz üçün həmin o ağır günlərdə hər şeydən öncə "Azərbaycan Ordusu" qəzeti getdikcə genişlənən Qarabağ müharibəsini, o cümlədən cəbhədə baş verən qanlı hadisələri operativ işıqlandırmağa və düşmənə qarşı ölüm-dirim mübarizəsi aparan Vətən oğullarının döyüş ruhunu yüksəldən zabitlərimizə yardımçı olmağa çalışırdı və buna da nail olurdu.
"Azərbaycan Ordusu" qəzeti ilk günlərdən müasir dövrümüzə kimi ordumuzun möhkəmlənməsinə xidmət edərək, onun uğurlarının carçısına çevrilib. Qəzetin mövcud olduğu illərdə ordumuzun həyatında baş vermiş əksər hadisələr, o cümlədən Silahlı Qüvvələrin daha da inkişaf etdirilməsi, müasir silah və texnika ilə təmin edilərək döyüş qabiliyyətinin yüksəldilməsi və şəxsi heyətin bilik və bacarıqlarının artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı, eyni zamanda Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyəti qəzetin səhifələrində öz əksini tapmışdır.
Bu gün, 22 illik tarix ərzində "Azərbaycan Ordusu" qəzetində fəaliyyət göstərmiş bütün insanları təbrik edir, onlara xidmətlərində, ailə həyatlarında nailiyyətlər və gələcək işlərində müvəffəqiyyətlər əldə etmələrini, Silahlı Qüvvələrin şəxsi heyətinin işğal altında olan torpaqlarımızın azadlığı uğrunda göstərəcəyi qəhrəmanlıq nümunələrini və düşmən üzərində Qələbə gününü qəzetin səhifələrində işıqlandırmalarını arzulayırıq.