Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Noyabr 2019 14:39

Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayır.
Üç mərhələdə keçiriləcək təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, HHQ, HDQ, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.
Təlim şərti düşmənin döyüş imkanları nəzərə alınmaqla Azərbaycan Ordusunun sərəncamında olan yeni növ silah və hərbi texnikanın tətbiqi ilə dağ, dağ-meşə, mürəkkəb radioelektron və real iqlim şəraitində qoşunların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və komandirlərin idarəetmə bacarıqlarının artırılması ilə icra olunacaq.
Əməliyyat təlimində qoşunların dayanıqlı, fasiləsiz, operativ və gizli idarəolunması, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsi ilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların qəbul edilməsi üzrə vərdişlər məşq etdiriləcək.