Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Yanvar 2023 15:17

Azərbaycan-İtaliya hərbi əməkdaşlığı yeni inkişaf mərhələsinə yüksəlib - VİDEO

Yanvarın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əvvəlcə Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib. Azərbaycan və İtaliyanın Dövlət Himnləri səsləndirilib.  
Cənab Q.Krosetto protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.  
Sonra general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Müdafiə naziri nümayəndə heyətini Vətən müharibəsindən sonra bölgədə yaranan hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb.
Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində, eləcə də NATO çərçivəsində əməkdaşlığın sürətlə davam etdiyi və bu münasibətlərin yüksək qiymətləndirildiyi vurğulanıb.
General-polkovnik Z.Həsənov bu səfərin Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı olduğunu qeyd edib.
Cənab Q.Krosetto isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə Azərbaycan və İtaliya Respublikaları arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sonda hər iki ölkənin müdafiə nazirləri təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.