Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2017 20:00

Azərbaycan İstiqlal Muzeyində hərbi vətənpərvərlik tədbiri keçirilib

Dövlət Bayrağı Günü münasibətilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə Azərbaycan İstiqlal Muzeyində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Hərbi Tibb Fakültəsi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları, həmçinin Hərbi Dəniz Qüvvələri matroslarının iştirakı ilə hərbi vətənpərvərlik tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçılarının muzeyə ekskursiyası keçirilib və şəxsi heyətə ölkəmizin keçdiyi inkişaf yolu, müstəqil Azərbaycanın dövlət və ordu quruculuğunu, xarici siyasətini, iqtisadiyyatını, əks etdirən fotoxronika təqdim olunub, eləcə də ümummilli liderimiz Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin fəaliyyətini əks etdirən materiallar barədə ətraflı məlumat verilib.
Muzeydə nümayiş etdirilən Azərbaycan Respublikasının Dövlət atributlarına, xanlıqlar dövrünə, XIX əsrin sonu - XX əsrin əvvəllərində Şimali və Cənubi Azərbaycanda baş vermiş hadisələrə, həmçinin Azərbaycanın repressiya və II Dünya Müharibəsi illərindəki tarixinə və respublikamızın müstəqillik dövrünə həsr olunmuş  rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinasları və başqa eksponatlar haqqında danışılıb.
Ölkəmizin bayrağı, gerbi, himni, konstitusiyası, 20 Yanvar və Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotolar, müxtəlif sənədli materiallar, o cümlədən Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın şəkilləri, onlar haqqında məlumatlar, şəxsi əşyalar, hərbi geyim formalarını əks etdirən zəngin eksponantlar da  xüsusi marağa səbəb olub.
Tədbirin bədii hissəsində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs Ansamblı solistlərinin ifasında hərbi vətənpərvərlik mahnıları səsləndirilib.