Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Aprel 2017 18:05

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Aprelin 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Jandarma Baş Komandanı, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik Z.Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrimizin davamlı olduğunu vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə ciddi təhdiddir. Bu problemin tezliklə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həlli vacibdir.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən ordu generalı Y.Güler dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.
Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq imkanları, birgə planların işlənilməsi, təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.