Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2023 18:01

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib - VİDEO

Noyabrın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrini ehtiramla anıblar.
Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir Azərbaycan-Pakistan-Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general A.Munir Azərbaycanın suverenliyi uğrunda canını fəda edən şəhidlərimizlə bağlı başsağlığı verib. Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsində bu cür görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. İki ölkə ordularının qoşun növləri qərargahları arasında danışıqların aparılması və əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb.
Baş Qərargahda keçirilən görüşdə ölkələrimiz arasında hərbi əlaqələrin və strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. İkitərəfli və üçtərəfli birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib.
Daha sonra Hərbi Hava Qüvvələrinin qərargahında müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovla görüş keçirilib. Qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Keçirilən görüşlərin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.